Xaqani Məmmədov “Xəzər-Lənkəran”da müqayisə apardı
09.06.2010 - 13:20
Xaqani Məmmədov “Xəzər-Lənkəran”da müqayisə apardı
“Köhnə-yeni komandamla birgə məşq edirəm. İndi bərpa prosesi keçirik. Düşərgədə hələlik yerli futbolçulardır. Ab-hava da yaxşıdır. Legionerlər komandaya bir qədər sonra qoşulacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun hücumçusu Xaqani Məmmədov deyib.

Başa çatan mövsümün II dövrəsində “Karvan”ın uğurları üçün tər tökən, ancaq müqavilə ilə “İnter”ə məxsus olan Məmmədov çempionat başa çatdıqdan sonra özünə yeni komanda tapıb. Belə ki, forvard “Xəzər-Lənkəran”la ortaq məxrəcə gəlib və qarşıdakı mövsümü bu komandanın heyətində keçirəcək. Əvvəllər də cənub təmsilçisinin formasını geyinmiş Məmmədov müqayisə edərkən, komandanın ancaq oyun üslubunda dəyişikliyin olduğunu bildirib: “Fərq oyun üslubundadır. Ağasəlim Mircavadov qısa ötürmələr üstünlük verir. O, həm də mərkəzi gücləndirməklə, nəzarəti ələ almaq istəyir. Əvvəlki komanda ilə müqayisədə bu fərqi qeyd edə bilərəm”.

Hücum xəttində kiminlə tandem təşkil edəcəyini bilməyən Xaqani bu məsələdə söz sahibinin baş məşqçi olduğunu deyib: “Hücumda kiminlə oynayacağımı bilmirəm. Bu, baş məşqçinin verəcəyi qərardan asılıdır. O, kiminlə və harada oynamağı tapşırsa, əməl edəcəyəm”.