Tağızadə İtaliya klubunda oynaya bilər
09.06.2010 - 17:11
Tağızadə İtaliya klubunda oynaya bilər
“Neftçi”nin futbolçusu Ruslan Tağızadə İtaliyanın “Bari” klubunun maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz “ağ-qaralar”ın 17 yaşlılardan ibarət komandasının heyətində İtaliyada beynəlxalq turnirdə əcnəbi seleksiyaçıların diqqətini cəlb edib.

Qrup mərhələsindən çıxdıqları "Ciociaria World Cup-4" turnirində bəyənilən Ruslan klubun rəsmi saytına fikirlərini bildirib: "Kiçik dünya çempionatı adlandırılan turnir çox maraqlı alındı. Qrup mərhələsində ən çətin oyunumuz "Partizan"a qarşı oldu. Həmin matçda cərimə zərbəsindən hesabı açsam da, sona 1 dəqiqə qalmış rəqib bərabərlik qolunu vurdu. Növbəti turda "Arpino"nu 3:0 hesabı ilə məğlub etdik. "Bari" ilə görüşdə isə hakimin yerli komandaya simpatiyasına baxmayaraq, minimal hesabla qalib gəldik. Təəssüf ki, 1/4 finalda Paraqvayın "Asunsyon" komandasına uduzduq. Halbuki, bu qarşılaşmada fərqlənmək üçün xeyli şansımız var idi. Hər halda, 32 kollektiv arasında 6-cı yeri tutmağımız yaxşı nəticədir.

Turniri bir sıra klubların nümayəndələri izləyirdilər. "Bari"nin menecerləri mənim oyunumu bəyəniblər. Təbii ki, mənim əsas məqsədim "Neftçi"nin əsas heyətində möhkəmlənməkdir, gələcəkdə isə karyeramı xaricdə davam etdirmək haqqında düşünə bilərəm".