Braziliyalı futbolçuların Azərbaycana gəlişinə məhdudiyyət qoyulacaq
10.06.2010 - 10:49
Braziliyalı futbolçuların Azərbaycana gəlişinə məhdudiyyət qoyulacaq
Braziliya senatı “Pele qanunu” kimi tanınan layihənin müzakirəsinə başlayıb. Apasport.az saytının məlumatına görə, istedadlı futbolçuların yeniyetmə yaşlarında vətəni tərk etməsindən narahat olan cənubi amerikalılar bunun qarşısını almağa çalışır.

Yeni qanun layihəsi bütün mərhələlərdən keçib qəbul olunarsa, braziliyalıların xaricə axını səngiyəcək. Belə ki, “Pele qanunu”na əsasən, klublar aşağı yaş qrupundan gələn yeniyetmə ilə 5+3 illik müqavilə imzalamaq hüququna malik olacaq. Bu da istedadların 15-16 yaşında Avropaya getməsinin qarşısını almağa xidmət edəcək.

Qeyd edək ki, Braziliya Futbol Konfederasiyasının rəsmi məlumatına əsasən, ötən il 1017 yerli oyunçu karyerasını xaricdə davam etdirməyə üz tutub. Bu ilin ilk 4 ayı ərzində isə 378 sambaçı ölkə klublarını tərk edib. Qurumun hesabatına əsasən, bu 378 oyunçudan üçü Azərbaycana gəlib.