Vaqif Qasımov: Denis Kalinkov yüksək səviyyəli futbolçu deyil
10.06.2010 - 11:59
Vaqif Qasımov: Denis Kalinkov yüksək səviyyəli futbolçu deyil
“Moldova yığmasının futbolçuları Denis Kalinkov və Andrey Kojokaru ilə ilkin söhbətimiz olub. Onların komandamıza keçidi perspektivi haqda danışmışıq. Ancaq müqavilənin maddi tərəfi ilə bağlı söhbətimiz olmayıb”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımov deyib.

Baş məşqçiləri Nazim Süleymanovla birgə Avstriyaya səfər etmiş Qasımov milli komandamızın orada keçirdiyi yoldaşlıq görüşlərini izləyib. Yığmamızla oyunun (1:1) fasiləsində Denis Kalinkovu əvəzləyən Andrey Kojokaru sonda cərimə zərbəsindən vurduğu baxımlı qolla Moldova millisini məğlubiyyətdən xilas etdi. Həmin vaxt futbolçularla söhbətləşən “Olimpik-Şüvəlan” rəhbərliyi onların fikirlərini öyrənib.

Qasımov bildirib ki, “Xəzər-Lənkəran” mövsüm bitdikdən sonra yollarını ayırdığı Kalinkov və həmyerlisindən xəbər gözləyirlər: “Futbolçular yaxşı variantlar axtarırlar. Bura gələn legionerlər də daha çox Bakıda oynamaq istəyirlər. Komandamızın paytaxtı təmsil etməsi onların maraqlarına uyğun gəlir. İstənilən halda, kiməsə yalvarası, dallarınca düşəsi deyilik. Onsuz də mənə hər gün xeyli futbolçu təklif edirlər. Yəni, seçim imkanımız genişdir. Deyirlər ki, filan legioneri gətirək, baxın. Yaxşısını gətir, pulunu verək. Kalinkov olmayacaq, başqası olacaq. Elə yüksək səviyyəli futbolçu deyil ki, ondan bərk-bərk yapışaq, mütləq transferi reallaşdıraq”.

“Olimpik-Şüvəlan” mövsüm bitəndən sonra hər iki moldovalı futbolçusu – Anatoli Doroş Sergey Laşenkovu heyətindən kənarlaşdırdı. Onlar isə Kalinkov və Kojokaru ilə həmyerli olmaqla yanaşı, millidə birgə oynayırlar. Doroşla Laşenkov həmyerlilərinə “Olimpik-Şüvəlan” haqda danışmaqla, onları təsir altına sala bilər. Ancaq Qasımov bundan elə narahat deyil: “Əslində, Doroşla Laşenkovun qalmasını nə baş məşqçimiz, nə də mən istəyirdim. Doroş burada görmədiyini günləri gördü. Məvacibini vaxtı-vaxtında, yaxşı mükafat alırdı. Yola salanda da pullarını qəpiyinə kimi vermişik. Belə olan halda, nədən çəkinməliyik? Moldovalı futbolçular bizim haqda pis şey danışa bilməzlər”.