“Şaxtyor” mənimlə danışmaq üçün Azərbaycan yığması ilə oyuna gəlmişdi”
10.06.2010 - 14:09
“Şaxtyor” mənimlə danışmaq üçün Azərbaycan yığması ilə oyuna gəlmişdi”
UEFA kubokunun son qalibi Ukraynanın “Şaxtyor” klubunun seleksiyaçıları Azərbaycan yığmasının oyununu izləyib. Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisinin skautları milli komandamızın yoldaşlıq görüşünü keçirdiyi Avstriyaya gəlib və Makedoniyaya 1:3 hesabı ilə uduzduğumuz oyuna baxıb. Ancaq onlar bəyəndikləri futbolçunun keçidinə nail olmayıblar. Özü də söhbət bizim yox, rəqibin futbolçusu Qoran Popovdan gedir.

Hollandiyanın “Herenven” klubundan Kiyev “Dinamo”suna keçən müdafiəçi yığmamızla oyunda 90 dəqiqə meydanda olub. Popov həmin vaxt “Şaxtyor”un onunla maraqlandığını təsdiqləyib: “Donetsk klubun seleksiyaçıları həqiqətən də Avstriyada olmuşdular. Həmin vaxt biz Azərbaycan və Rumıniya ilə yoldaşlıq görüşlərinə hazırlaşırdıq. Ancaq məsələ ondadır ki, “Dinamo”nun nümayəndələri bundan xeyli əvvəl mənimlə danışıqlar aparmışdı. Özü də mənim dilimdə. Mən söz vermişdim ki, “Dinamo”nun prezidenti İqor Surkislə görüşə qədər heç bir digər klubda danışıqlar aparmayacağam. Buna görə də “Şaxtyor”a nəinki müqavilə bağlayacağımı, hətta gələcəyimi vəd edə bilməzdim”.

Qeyd edək ki, Popov “Neftçi”nin ilk transferi olan Slavko Georgiyevski ilə yığmada komanda yoldaşıdır. Onların hər ikisi millimizlə görüşdə əsas heyətdə meydana çıxıb. Avstriyaya gedən “Neftçi”nin baş məşqçisi Arif Əsədov Georgiyevskini həmin oyunda bəyənmişdi.