Məşhur qapıçı aktyor oldu
10.06.2010 - 16:02
Məşhur qapıçı aktyor oldu
Almaniya yığma komandasının qapıçısı Yens Leman karyerasını bitirdikdən sonra özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, Leman Almaniya və Cənubi Afrika Respublikasının birgə çəkdikləri “Temba” filmində məşqçi rolunda çəkilib.

Kinonun ssenarisinə əsasən almaniyalı qapıçı 11 yaşlı kasıb afrikalı uşağın oyununu gördükdən sonra özü ilə aparır və peşəkar futbolçu kimi yetişdirir.

Filmlə bağlı KİV nümayəndələrinin suallarını cavablandıran Leman dünya çempionatından sonra kinonun efirdə göstəriləcəyini və yeni rollarda oynayacağını da bildirib: “Bu yeni sənətdə ilk addımım olsa da, yəqin bir neçə rolda da məharətimi göstərəcəyəm. Mən çox təcrübəli insanlarla birlikdə işləməkdən zövq aldım. Amma heç də rol oynamaq asan deyil. Səhər tezdən yerindən qalxandan axşam yatana kimi rejissorun dediyini həyata keçirməyə məcbursan. Bunun üçün aktyorluq sənətini asan sayanlar yanılırlar”.

Almaniya yığma komandasının sabiq üzvü mundialla bağlı proqnozunu da verib: “Dünya çempionatında sabiq komandamın qələbə qazanması çətindir. Fikrimcə, yarışda Braziliya və Argentina yığmaları daha şanslıdırlar”.