“İnter” iki futbolçu ilə müqavilə bağlayıb, birini transferə çıxardı
10.06.2010 - 16:35
“İnter” iki futbolçu ilə müqavilə bağlayıb, birini transferə çıxardı
Bakının “İnter” klubu ilk transferlərini rəsmiləşdirib. Bu barədə apasport.az saytına komandanın baş menecerinin müavini Kamran İsmayılov məlumat verib. Onun sözlərinə görə, hələlik Azərbaycan yığmasının yarımmüdafiəçisi Arif Daşdəmirov və gürcüstanlı hücumçu Baçana Sxadadze ilə rəsmi müqavilə imzalayıblar.

1987-ci il təvəllüdlü hər iki futbolçu yenidən komanda yoldaşı olaraq, Kaxaber Sxadadzenin rəhbərliyi altında oynayacaq. Onların buna qədər “Standard” klubunda yolları kəsişib. Özü də Baçana ölkəmizdə ikinci dəfə atasının rəhbərliyi altında oynayacaq. Daşdəmirov son klubu “Qəbələ”, oğul Sxadadzenin isə vətənində Sxinvali “Spartak”ı olub.

“İnter” “Xəzər-Lənkəran” və “Simurq”la yollarını ayıran yarımmüdafiəçilər Nizami Hacıyevlə Camal Məmmədovun keçidini də həll edib. Məmmədovla “Standard”da birgə çalışan Sxadadze yaxşı tanıdığı futbolçulardan bəzisini də yola salıb. Uruqvaylı Anhel Qutyerreslə mövsüm bitəndən sonra vidalaşan gürcü çalışdırıcı “Standard”da da birgə işlədiyi braziliyalı Leonardo Roşanın xidmətində maraqlı deyil.

Belə ki, ötən mövsüm yaxşı başlayan, ancaq sonda əsas heyətdə kənarda qalan, keçidi ucuz başa gəlməyən yarımmüdafiəçini transferə çıxarılıb. İsmayılov Roşanın “İnter”in məşqlərində iştirak etmədiyini bildirib: “Ancaq onun bizimlə müqaviləsi var. Roşanı almaq istəyən klub bizə müraciət edə bilər. Braziliyalının futbolçunun transferi ilə bağlı danışıqlar aparmağa hazırıq”.

Qeyd edək ki, Sxadadzenin “İnter”də həmyerlilərinin sayını artacağı istisna deyil. “Neftçi”nin müqaviləsini uzatmadığı gürcü müdafiəçi Valeri Abramidze ilə danışıqlar aparılsa da, məsələ hələ açıq qalır.