“Vaqif Cavadovla maraqlanan yoxdur”
10.06.2010 - 23:08
“Vaqif Cavadovla maraqlanan yoxdur”
Azərbaycan yığmasının və "Tvente" klubunun futbolçusu Vaqif Cavadovun Hollandiyaya qayıdacağı vaxt məlum olub. Bu barədə apasport.az saytına Vaqifin atası, veteran futbolçu Füzuli Cavadov məlumat verib.

O bildirib ki, oğlu ya iyunun 13-ü, ya da 23-ü Azərbaycanı tərk edəcək: "İki tarix var. Vaqif 13-ü getməsə, 23-ü gedəcək. Hazırda Azərbaycanda məşq edən Vaqiflə Hollandiya klubunun rəsmiləri mütəmadi əlaqə saxlayırlar. Onlar bildirdilər ki, dünya çempionatı ilə əlaqədar "Tvente"nin təlim-məşq toplanışında müəyyən dəyişiklik baş verə bilər. Bu komanda hazırlığın müəyyən hissəsini Hollandiyada keçəcək".

Füzuli Cavadov oğlunun Hollandiyaya tək qayıtmayacağını söyləyib: "Vaqiflə birgə biz də Hollandiyaya dönəcəyik. Biz yanında olanda, o daha yaxşı məşq edir".

Veteran futbolçu bildirib ki, Azərbaycanda olduğu vaxtda heç bir klub Vaqiflə maraqlanmayıb: "Çünki Vaqif qışdan bəri heç oynamayıb. Zədəli olan futbolçuya təklifin gəlməməsi normal haldır. Həm də Vaqifin "Tvente" ilə 3 illik müqaviləsi var. Düzdür, "Tvente"də baş məşqçi dəyişikliyi olub. Buna baxmayaraq, oğlumun karyerasını Hollandiya çempionunun heyətində davam etdirməsi 99 faiz həllini tapıb".

Qeyd edək ki, Hollandiyanı Çempionlar Liqasında təmsil edəcək "Tvente"nin baş məşqçisi postunda Stiv Maklareni Mişel Pryudom əvəzləyib.