Ağasəlim Mircavadov: Mən müqaviləsiz də işləyirəm - MÜSAHİBƏ
10.06.2010 - 23:13
Ağasəlim Mircavadov: Mən müqaviləsiz də işləyirəm - MÜSAHİBƏ
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

- Avroliqanın ilk təsnifat mərhələsində çıxış edəcəyinizdən mövsümə hazırlığa tez başlamalı oldunuz. Komandada vəziyyət necədir?
- Əlbəttə, mövsümün hazırlığına tez başlamaq ağırdır. Ancaq futbolçular sağ olsunlar, işləyir, hər şey normaldır. Əsas işimiz xaricdə olacaq. Avstriyaya səfərə hazırlaşırıq. İnşallah, iyunun 12-də yola düşürük. Orada həm yoxlama oyunları, həm də məşqlərə xüsusi diqqət yetirəcəyik.

- Viza məsələsi tam yoluna qoyulubmu?
- Bəli. Bizə lazım olan mövqelərə bir neçə legionerə orada baxacağıq. Bizə siyahı verilib və birgə müzakirələrdən sonra məsələləri həll edəcəyik.

- Siyahıda neçə futbolçu var?
- 5-6 nəfər.

- Adlarını bilmək olar?
- Yox, bunu deyə bilmərəm.

- Həmin futbolçuların hamısı legionerdir?
- Azərbaycanlı futbolçuları almışıq. Ancaq yenə axtarışdayıq.

- Ola bilər ki, yenə yerli futbolçu transfer etdiniz?
- Bəli.

- Komandanıza hansı mövqelərə futbolçu lazımdır?
- Müdafiə, orta xətt, hücum.

- Təbii ki, ad çəkməsiniz də, legioner haqda məlumatlısınız. İlk baxışdan təəssüratlarınız necədir?
- Onların oyunların videoyazılarını izləmişik. Məşqçilərlə birgə qərarımızı verəcəyik.

- Legionerlərin hansı ölkədən olduğunu deyə bilərsiniz?
- Xorvatiya, Belarus, Rumıniya, Gürcüstandan legionerləri nəzərdən keçiririk.

- Gürcüstanlının vaxtilə Kiyev “Dinamo”sunda oynamış Davit İmedaşvilinin olduğunu, artıq məşqlərinizdə iştirak etdiyini bilirik. Onun haqda fikirləriniz necədir?
- Məşqlərdə çox yaxşı çalışır. Normal insan kimi söhbətləşir. Bizim üçün əsas oyunudur. İmedaşvilinin harada, necə oynadığını bilirik. Ancaq biri ki var ki, televiziyada baxasan, biri də var məşqdə.

- Yəni, onun Kiyev “Dinamo”sunun heyətində yer alması hələ heç nə demək deyil? Üstəlik, orada heyətə düşə bilməyib, az oynayıb...
- Gürcüstan futbolu ona görə bizdən üstün olur ki, onlar 16-17 yaşında yaxşı futbolçuları tez xaricə göndərirlər. Rusiya, Ukrayna, Almaniya və s. Yəni onların Avropada menecerləri, yaxşı tanışları var. Çünki güclü futbolçuların çoxu yaxşı klublarda oynayıb, indi də Almaniyada və başqa ölkələrdə təmsilçiləri var. Ona görə də onlara inanırlar. Biri də Moskva “Spartak”ında var, 17-18 yaşlı futbolçudur.

- Jano Ananidzedir?
- Biz qışda Antalyada Moskva “Spartak”ı ilə oynayanda onun arxasınca “Liverpul”dan futbolçu gəlmişdi. Klubuna 1 milyon dollar verirdilər. Ancaq məlum şeydir ki, “Spartak”ın baş məşqçisi Valeri Karpin belə istedadlı futbolçunun gedişinə razı olmadı.

- Düşərgənizdə başqa gürcü futbolçu varmı? Gələn olacaqmı?
- Yox, gözlənilmir də.

- Siyahınızda olan 4-5 legionerin hamısını götürəcək, yoxsa seçim edəcəksiniz?
- Bizə qapıdan başqa bütün mövqelərə futbolçu lazımdır. Lazım olsa, 3-4-nü götürəcəyik. Burada əsas söhbət mövqeyə lazım olan futbolçudan gedir.

- İmedaşvili sol cinah müdafiəçisi kimi göstərilir. Ancaq bildiyimizə görə, müdafiənin mərkəzində də oynaya bilir...
- O, iki mövqedə də oynayır – həm müdafiənin mərkəzində, həm də solunda.

- Təcrübəli və gənclərdən ibarət yerli transferlər məşqlərdə özlərini necə göstərirlər?
- Hamısı çalışırlar. Ancaq onlarla əsas söhbətimizi Avstriyaya saxlamışıq. Bu, həm fərdi, həm də ümumi komanda şəklində ediləcək. Bu dəfə işimiz ağır olacaq. Çünki bu ilki planımız keçən ilkindən çox fərqlidir.

- Əsas fərq nədədir?
- Birincisi, məşqlərin intensivliyi artıb. İkincisi, yoxlama oyunları arasında vaxt az olacaq. Biz bunu bilərəkdən etmişik ki, oyunlar çox olsun, daha çox çalışaq. Fiziki hazırlığa xüsusi diqqət yetirəcəyik. Biri var, hazırlığa yavaş-yavaş başlayırsan, ancaq bizdə vaxt olmadığı üçün templə çalışacağıq. Buna görə də mövsüm bitəndən sonra futbolçulara fərdi plan vermişdim. Demişdim ki, vaxt olmayacaq, indidən hazırlığa başlayın. Birdən yüklənməyin, təlim-məşq toplanışına hazır vəziyyətdə gəlin.

- Belə başa düşdük ki, sizinlə Bakıdan Avstriyaya birgə gedən legioner yalnız İmedaşvili olacaq. Qalanları, elə öz legionerləriniz də Avstriyada qoşulacaq...
- Bəli. Öz legionerlərdən üçü bizi Frankfurtda gözləyəcək, üçü də ora çatandan bir saat sonra gələcək. Dəvət etdiyimiz legionerlər isə iyulun 13-dən bizə qoşulacaq. Avstriyaya biletləri də var, klubları da bizə gələcəklərini bilir. Hava limanı qalacağımız otelə yaxındır, 1 saatlıq yoldur.

- Həmin legionerlər arasında yaxşı klublarda oynayan, yığma futbolçuları varmı?
- Bəli, yığma futbolçularıdır. Ancaq Avropada oyunların azında iştirak ediblər. Budur məsələ. Əsas futbolçunun indiki hazırlıq səviyyəsidir.

- Keçirəcəyiniz yoxlama oyunlarının tarixləri və rəqiblər məlumdur?
- İyunun 16-da, 20-də və 23-də oynayacağıq.

- İyunun 16-da “Şaxtyor”la oyunu bilirik. Bəs digərləri?
- Siyahı məndə olmadığından bilmirəm. Bununla vitse-prezidentimiz Tuyqun Nadirov məşğul olur. Mən yoxlama oyunlarının tarixlərini vermişəm. İndi baş qarışıqdır. Mənə yaxın vaxtda oyunlarla bağlı dəqiq məlumat verəcəklər. Bir-iki variant var. Bir klub 19-da oynamaq istəyir, mən isə 20-si deyirəm. Avstriyada yerli klublar, Donetsk “Şaxtyor”u var. Ümumiyyətlə, bu vaxt klublar azdır. Adətən klublar ora iyunun 22-dən sonra gəlirlər. Xahiş etmişəm ki, oyunlar qaldığımız yerdən 20-30 dəqiqəlik məsafədə keçirilsin. Yəni vaxt itkisi sərf etməyək, bir saat yol getməyək. Bir də axşam oynamaq istəyirəm ki, səhər işləyək.

- Uğursuz mövsümdən sonra komandanı psixoloji cəhətdən hazırlamaq çətin deyil ki?
- Çətin də olsa, hazırlaşmalıyıq. Buna görə özümüzə də, oyunçulara da xarakter lazımdır.

- Mövsüm artıq arxada qalıb, irəliyə baxmaq, istənilən halda, Avroliqada ölkəmizi layiqincə təmsil etmək lazımdır...
- Mən belə başa düşürəm ki, siz özünüz də, azarkeşlər də hamı gözünü avrokuboklara dikib. Hamı istəyir ki, klublarımız orada yaxşı çıxış etsin. Azərbaycan çempionatı öz qaydasında gedəcək, əsas avrokuboklarda uğur qazanmaqdır. Vaxt gəlib, tələb olunur, olunmalıdır. Mən bununla razıyam.

- Tərlan Əhmədovun gedişində sonra yeni məşqçi götürəcəksiniz?
- Yox.

- Sirr deyilsə, niyə?
- Bunun heç bir sirri yoxdur. Sadəcə, götürmək fikrində deyiləm.

- İndiki köməkçiləriniz sizə bəs edir?
- Bəli.

- Özünüz də mövsüm bitəndən sonra müqavilə məsələsini həll etdiniz. Yəqin ki, artıq “Xəzər-Lənkəran”la yeni müqavilə imzalamısınız...
- Mən müqaviləsiz də işləyirəm. Əsas odur ki, iş var, işləmək lazımdır, vəssalam. Mən belə şeylərə fikir vermirəm.

Mehman SÜLEYMANOV