Arif Əsədov: “Neftçi” Dmitri Kruqlova yeni müqavilə təklif etməyib
10.06.2010 - 18:17
Arif Əsədov: “Neftçi” Dmitri Kruqlova yeni müqavilə təklif etməyib
“Estoniyalı futbolçumuz Dmitri Kruqlov yığmasında oynadığından, iyunun 20-dək istirahət vermişik. Onunla yeni müqavilə məsələsini Bakıya gələn zaman müzakirə edəcəyik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

O bildirib ki, 2008-ci ilin qışından komandada çıxış edən 26 yaşlı estoniyalı sol cinah oyunçusu Dmitri Kruqlovun məsələsi hələ açıq qalır: “Kruqlovla yeni müqavilə, maddi məsələlərlə bağlı söhbətimiz olmayıb. Bunu iyunun 20-dən sonra edəcəyik. Kruqlovun məsələsinə həmin vaxt tam aydınlıq gələcək”.

Berti Foqtsun vaxtilə mili komandaya çağırdığı sol cinah müdafiəçisi Emin Cəfərquliyev “Neftçi”də heyətə düşə bilmədiyindən ötən mövsümü icarə əsasında “Karvan”da keçirdi. Əsədovun sözlərinə görə, icarəsi bitən gənc futbolçunu da saxlamaq istəyirlər: “Emin özü də mənə dedi ki, rəhbərliyiniz altında oynamaq istəyirəm. Onunla danışığımız olub. Təklif etdiyiniz yeni müqaviləni imzalamağa razılığını da vermişdi. Ancaq sonradan nəsə atası ilə bağlı problem yarandı, bizdən vaxt istədi.

Mətbuatdan adının başqa klub ətrafında hallanması haqda xəbər tutmuşam. Bundan sonra Emini görməmişəm. Ancaq onun komandamızda qalmasını istərdim”.