Vinfred Şafer: “Bakı”nın bazasını görəndə şoka düşdüm
10.06.2010 - 22:21
Vinfred Şafer: “Bakı”nın bazasını görəndə şoka düşdüm
“Mənim üçün əsas klubun hədəfləridir. Klubun prezidenti Hafiz Məmmədovla görüşüb, ətraflı söhbət etdik. O mənə bildirdi ki, əsas məqsədi Avropada uğur qazanmaqdır. Mən də Hafiz bəylə razılaşdım”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun yeni baş məşqçisi Vinfrid Şafer deyib.

Almaniyalı mütəxəssis bu gün paytaxt təmsilçisinin baş məşqçisi təyin olunub. Təyinatı ilə bağlı açıqlama verən 60 yaşlı çalışdırıcı bildirib ki, Bakıda gördüklərindən xoşu gəlib: “Tam səmimi deyirəm ki, “Bakı”nın bazasını görəndə şoka düşdüm. Azərbaycanda bu cür şəraitlə qarşılaşacağımı gözləmirdim. Almaniyada belə şəraitə, təlim-məşq bazasına yalnız “Bavariya” malikdir. Digər klubların şəraiti isə “Bakı”dan aşağıdır. Həqiqətən də komandanın super şəraiti var. Bura gələn futbolçular da hara gəldiklərini bilməlidirlər. Çünki “Bakı” klubu hər sahədə peşəkardır. Klubun rəhbərliyi peşəkar insanlardan qurulub”.

Şafer yeni komandasının hazırlığı barədə də danışıb: “Hazırda işə dörd əllə sarılmalıyıq. Çünki vaxtımız çox azdır. Ayın 15-i komanda Bakıda hazırlığa başlayacaq. Çox ciddi şəkildə çalışmalıyıq. İyulun 15-də Avroliqada ilk oyunumuza çıxacağıq. Avropada uğur qazanmaq heç də asan olmayacaq. Amma biz işimizə ciddi yanaşıb, istəyimizə çatacağıq”.