Elnur Allahverdiyev çətin vəziyyətdə: “Qarabağ” da əldən çıxdı, “Neftçi” də
11.06.2010 - 12:57
Elnur Allahverdiyev çətin vəziyyətdə: “Qarabağ” da əldən çıxdı, “Neftçi” də
Ağdamın “Qarabağ” klubundan ayrılan Elnur Allahverdiyev çətin vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçinin Bakının “Neftçi” komandasına keçidi baş tutmur.

Əslində, Allahverdiyev Azərbaycan yığması Avstriyaya toplanışına getməzdən öncə “Neftçi” rəhbərliyinin qəbulunda olmuşdu. Hətta onunla müqavilənin ilkin detalları da müzakirə edilmişdi. Lakin son anda tərəflər ortaq məxrəcə gələ bilmirlər.

Ağdam təmsilçisi də Elnurla müqavilənin müddətini artırmaqdan imtina etdiyi üçün milli komandanın üzvü hazırda ortada qalıb. Belə vəziyyətdə onun ölkə xaricinə çıxmaq variantını dəyərləndirəcəyi gözlənilir.

Allahverdiyevlə konkret olaraq, gürcüstanlı Omari Tetradzenin çalışdırdığı “Volqa” (Nijni Novqorod) klubu maraqlanır.

Xatırladaq ki, Allahverdiyev vaxtilə “Neftçi” klubunun formasını geyinib.