“Xəzər-Lənkəran” Almaniyaya sabah yollanacaq
11.06.2010 - 13:18
“Xəzər-Lənkəran” Almaniyaya sabah  yollanacaq
“Xəzər-Lənkəran” sabah xaricə təlim-məşq toplanışına yollanacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Avroliqada təmsil edəcək Lənkəran təmsilçisi Almaniyaya hazırlıq prosesinə gedəcək.

Komanda səhər saatlarında Bakı – Frankfurt reysi ilə səfərə çıxacaq. Məşqlərə Bakıda başlayan “Xəzər-Lənkəran” təlim-məşq toplanışının ikinci mərhələsini Burqhauzen şəhərində keçəcək. Əslində, lənkəranlılar ötən yay olduğu kimi, Avstriyaya toplanış keçməyi planlaşdırmışdı. Ancaq digər tərəfdən, “Xəzər-Lənkəran”ın qalacağı məkan Avstriya ilə sərhəddə, 30 kilometr aralıda yerləşir. Legionerlər komandaya Almaniyadan qoşulacaq. Buradan gedəcək yeganə əcnəbi futbolçu gürcü Davit İmedaşvilidir. Ötən mövsüm Rustavinin “Olimpi” klubunun heyətində Gürcüstan çempionu olan İmedaşvili ölkəsinin ən yaxşı yarımmüdafiəçisi seçilib.

Qeyd edək ki, komanda iyunun 13-dən başlayaraq Avropanın bir sıra ölkələrindən baxışa legioner cəlb edəcək. “Xəzər-Lənkəran” Almaniyadakı hazırlığını iyunun 25-də kimi planlaşdırıb. Orada üç yoxlama oyunu keçirəcək cənub təmsilçisi toplanışının müddəti Avroliqanın püşkün nəticəsindən asılı olaraq dəyişə bilər. Yəni buna iyunun 21-də İsveçrədə keçiriləcək püşkatmadan sonra aydınlıq gələcək. “Xəzər-Lənkəran” iyulun 1-də ilk oyununu səfərdə keçirərsə, birbaşa həmin ölkəyə gedəcəyi gözlənilir.