Lippertdən Şaferədək
11.06.2010 - 19:00
Lippertdən Şaferədək
“Bakı” klubunun yeni baş məşqçisi Vinfred Şafer Azərbaycan milli çempionatında iştirak edən ikinci almaniyalı olacaq. Apasport.az saytının məlumatına görə, 60 yaşlı mütəxəssisə qədər həmyerlisi Hans-Yurgen Gede digər paytaxt təmsilçisi – “Neftçi”nin sükanı arxasında olmuşdu. Milli komandamızın baş məşqçisi Berti Foqtsla birgə 2008-ci ilin mayında ölkəmizə gələn Gede 4 ay sonra “ağ-qaralar”ın baş məşqçi postuna keçir. Ancaq 54 yaşlı çalışdırıcı cəmi yarım ildən sonra uğursuz çıxışa görə istefaya göndərilir.

Ölkəmizdə işləyən ilk alman məşqçi Bernard Lippert olub. 48 yaşlı mütəxəssis 2008-ci ilin fevralından 21 yaşlılardan ibarət yığmamızı çalışdırır. Foqts özü ilə birgə gətirdiyi həmyerliləri əsas köməkçisi Olaf Yansen, qapıçılarla işləyən məşqçi Uli Ştayn və həkimlər olub. Gede istisna olmaqla, həmin almanlar indiyə kimi yığmamızda çalışır.

Yaxınlarda isə ölkəmizdə qadın alman məşqçi də işə başlayıb. Bu, 17 yaşlı qızlardan ibarət yığmamızın baş məşqçisi təyin olunan Sisi Raytdır. Vaxtilə “Bavariya” klubunda oynayan Rayt bir il sonra ölkəmizdə keçiriləcək dünya çempionatının final mərhələsində yığmamızın layiqli çıxışına çalışmalıdır.

Vətənində “Karlsrue” və “Ştutqart” klubunu çalışdıran Şafer birincilərlə bundesliqada 6-cı yeri tutub, UEFA kubokunda yarımfinala kimi irəliləyib. Foqtsun Mönhenqladbax “Borussiya” klubunda komanda yoldaşı məşqçilik etdiyi Birləşmiş Ərəb Əmirliklərində ölkə çempionu və Superkuboku qazanıb. Afrikanın ən yaxşı məşqçisi seçilən, çalışdırdığı Kamerun yığması ilə 2002-ci ildə Millətlər Kubokunun qalibi olan Şafer bir il sonra Konfederasiyalar Kubokunun gümüş mükafatını qazanıb. “Bakı” ilə iki illik müqavilə imzalayan mütəxəssis məşhur kamerunlu hücumçu Samuel Eto’O-nun 3 il yığmada baş məşqçisi olub. Şaferin son Azərbaycan kubokunun qalibində debütü yeni çempionatımıza qədər, iyulun ortasında mübarizəyə başlayacaqları Avroliqanın ikinci təsnifat mərhələsində olacaq.

Qeyd edək ki, ölkəmizdə oynayan ilk və hələ ki yeganə alman futbolçu Daniel Sanqervolddur. Ancaq müdafiəçi Sumqayıtın “Gənclərbirliyi” klubunun heyətində birinci dəstədə oynadığından (2003/04 mövsümündə) milli çempionatımızın iştirakçısı olmayıb.