Aslan Kərimov: Hərdən deyinə-deyinə məşq edirik - MÜSAHİBƏ
11.06.2010 - 23:59
Aslan Kərimov: Hərdən deyinə-deyinə məşq edirik - MÜSAHİBƏ
Başa çatan mövsümdə Premyer Liqanı üçüncü pillədə başa vuran bürünc medala sahib çıxan “Qarabağ” ölkəmizi Avropa Liqasında təmsil edəcək. Buna görə də Ağdam təmsilçisi hazırlığa erkən start verib. İyunun 5-də bir araya gələn əyalət klubu məşqlərini gündə 2 dəfə olmaqla həyata keçirir. Ancaq yığmanın düşərgəsində Avstriyada təlim-məşq toplanışı keçirən futbolçularda komandanın hazırlığına qoşulub. “Qarabağ”ın hazırlığı və planları ilə tanış olmaq üçün kapitan Aslan Kərimovla söhbətləşdik.

- Fasilə bitdi. Normal dincələ bildinizmi?
- İmkan daxilində dincəldik. İstirahətə buraxılsaq da, tam dayanmamışdıq. Çünki mən yaşda futbolçu üçün tam istirahət edib sonradan məşqə çıxmaq çətin olar. Ona görə də yüngül məşqlər edirdim. Fiziki cəhətdən olmasa da, mənəvi istirahət etdim.

- Artıq məşqlər başlayıb. Hazırlıq necə gedir?
- Gərgin və yorucu məşqlər gedir. Fiziki hazırlığımızı yüksəltməyə çalışırıq. İndi yükləmələr gedir. Demək olar, top üzü görmürük. Bildiyiniz kimi, komandanın yeni fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovdur.

- Onun məşq prosesində hansısa bir yenilik varmı?
- Əslində, fiziki hazırlıq üzrə məşqlər eyni cürdür. Sadəcə, yükləmə zamanı hər bir məşqçi özünəməxsus üslubdan istifadə edir. Məşqlərin maraqlı keçdiyini deyə bilərəm.

- Havaların isti keçməsi məşqlərə mane olurmu?
- Problem yaradır. İsti havada yükləmələrə dözmək çətindir. Buna görə də səhər məşqinə saat 10.00-da, axşam çalışmasına isə 18.00-da çıxırıq. Nə qədər sərin vaxtda məşq etsək də, Bakının istisinə dözmək çətindir. İyunun 10-da Türkiyəyə yollanacağıq. Qızılcahamamda məşq edəcəyik. Ora dağlıq ərazi olduğundan hava sərin olur.

- Tam heyətlə məşq etməməyiniz məşqlərin darıxdırıcı keçməsinə səbəb olurmu?
- Əsas heyətdən cəmi 3-4 nəfər oyunçu var. Emin İmaməliyev, Georgi Adamiya və Admir Teli məşqlərdə iştirak edir. Qalanları gənclərdir. Əslində fəxr edirik ki, komanda yoldaşlarımız millinin formasını geyinirlər. Onlar yığmanın heyətində yaxşı fiziki məşqlər keçiblər. Məncə, həmin futbolçular “Qarabağ”a hazır gələcəklər. Gənclərə gəldikdə, “kvadrat” oynayanda istədiyini ala bilmirsən. Ancaq bu həvəsdən düşməyimizə səbəb ola bilməz. Əksinə çalışırq ki, onlara nəsə öyrədək.

- Adətən əksər futbolçular mövsümdən əvvəl təşkil edilən təlim-məşq toplanışlarından narazılıq edirlər...
- Bunu belə şərh edək: heç bir insan ağır işin, yükləmənin altına girmək, özünü əziyyətə salmaq istəmir. Ancaq nəticə qazanmaq üçün bu prosesi mütləq keçmək lazımdır. Bu, aksiomadır. Bəli, hərdən deyinə-deyinə məşq edirik. Fikirləşirik ki, insan nə qədər qaçar. Sonradan bunun lazım olduğunu qəbul edirsən. Yəni bu bütün futbolçuların üzləşdiyi durumdur. Bəzi futbolçular qaçmağı sevmirlər. Onlar texnikalarının hesabına bunu sığortalamağa çalışırlar. Lakin mənim mövqeyim elədir ki, daim hərəkətdə olmaq lazımdır. Həm də mən işgüzar insanam.

- Avrokubok oyunlarına cəmi 20 gün qalıb. “Qarabağ” qısa vaxtda tam hazır ola biləcəkmi?
- 7-8 futbolçumuz indi istirahətdə olsa da, fiziki formalarını çox itirməyəcəklər. Çünki yığmanın düşərgəsində hazırlıq keçiblər. Yəni fiziki cəhətdən problem olmayacaq. Məni narahat edən bəzi oyunçuların futboldan bir qədər yorulmalarıdır. Bu məqamı nəzərə almaq lazımdır. Yəqin ki, Türkiyədəki toplanış zamanı bu halla üzləşən oyunçuları stresdən çıxarmağa çalışacağıq.

- Ötənilki çıxışdan sonra “Qarabağ”ın məsuliyyəti bir qədər artıb. Səncə, komanda yenə ümidləri doğrulda biləcəkmi?
- Bu məsələdə bir neçə faktoru nəzərə almaq lazımdır. Hələ püşk atılmadığından hansı komanda ilə qarşılaşacağımız bilinmir. Təbii ki, biz minimum həmin nəticəni təkrarlamaq istəyirik. Kiminlə oynayacağımızdan çox şey asılıdır. Bizim reytinqimiz bir qədər aşağıdır. Ona görə də güclü rəqiblərlə düşmək ehtimalımız çoxdur.

- Bunun üçün heyəti yetərli saymaq olarmı?
- Arxada qalan mövsüm də göstərdi ki, heyətimiz kifayət qədər geniş deyil. Əsas odur ki, heyətimizdə komandanı arxasınca aparacaq, istənilən anda oyunun taleyini həll edəcək lider futbolçumuz yoxdur. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Bir səviyyəli legionerimiz olsaydı, daha yaxşı olardı. Düzdü, klubun maddi imkanı nəzərə alınıb hərəkət edilir. Ancaq arxada qalan mövsüm bunu üzə çıxardı. Bəlkə də heyətimizin geniş olmaması üzündən çempion ola bilmədik. Zədəli və cəzalı oyunçularımız olduğundan çempionatın gedişində yersiz xallar itirdik. Bu da yekunda sözünü dedi.

- Necə düşünürsünüz, “Qarabağ”da hansı mövqeni gücləndirmək vacibdir?
- Hər mövqedə rəqabət olsa, daha yaxşı olar. Xüsusilə də yarımmüdafiə və hücumu gücləndirmək lazımdır. Arxa xətt sabit oyunu ilə seçilir. Hücum bir balaca axsayır. Dayaq yarımmüdafiəçisinə də ehtiyac var. Komandada bu mövqedə Namiq Yusifovla mən oynayıram. Lakin biz hardasa 80 faiz işimizin öhdəsindən gəlirik. Yəni verilən tapşırığı tam yerinə yetirə bilmirik. Hücumda isə Rauf Əliyev yer alır. O, çalışqan olsa da, təcrübəsizdir. 3-4 oyunda isə Adamiya bizi vəziyyətdən çıxardı.

- Bir qədər də yığma haqqında danışaq. Yığmanın Avstriyada keçirdiyi yoldaşlıq oyunlarını izlədinizmi?
- Hər 3 oyunu izlədim. Avstriya toplanışı əsasən futbolçuların fiziki hazırlığının yüksəldilməsinə kömək etdi. Oyunlar da bunu göstərdi. Sözün düzü, Rəşadı tanımadım. O, zədəli olduğu vaxtlarda artıq çəki yığmışdı. Avstriyada meydana çıxanda 4-5 kiloqram arıqlamışdı. Sona qədər mübarizə apardı. Bu sözləri digərlərinə də aid etmək olar.

- Hansı oyunda komandamız daha yaxşı təsir bağışladı?
- Moldova ilə oyunda pis oynamadılar. Ancaq Hondurasla görüşü fərqləndirmək istəyirəm. Uşaqlar fiziki güc hesabına da olsa, rəqibi tamamilə zərərsizləşdirməyi bacardı.

- Baş məşqçi Berti Foqts bir neçə gənc futbolçuya özünü göstərmək üçün şans vermişdi. Kənardan onlar necə görsənirdilər?
- Amit Quluzadə yaxşı oynadı. Düzdür, səhvləri oldu. Bu daha çox onun təcrübəsizliyi ilə bağlı idi. Elvin Məmmədov da yaxşı mənada fərqləndi. O, yarımmüdafiə ilə yanaşı, hücumda da fəal idi. Bu da komandanın iş qabiliyyətini və taktiki cəhətdən inkişaf etdiyini göstərirdi. Bir də təcrübəli Rəşad Sadıqovu fərqləndirmək istəyirəm.

Mənbə: “Futbol dünyası” qəzeti