Mübariz Mənsimov “Çelsi”dən futbolçu alıb
12.06.2010 - 09:53
Mübariz Mənsimov “Çelsi”dən futbolçu alıb
“Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimov əməkdaşlıq etdiyi Türkiyə komandalarının sayını artırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, azarkeşi olduğu İstanbulun “Beşiktaş” klubu ilə sıx əlaqələri olan azərbaycanlı iş adamı “Fənərbaxça”nın da transfer siyasətinə dəstək olur.

Belə ki, qonşu ölkədən olan həmkarlarımız “Çelsi”nin 21 yaşlı futbolçusu Miroslav Stoçun bu komandaya keçidini həmyerlimizin adı ilə bağlayır. İngiltərə təmsilçisinin sahibi Roman Abramoviçlə yaxşı münasibətləri olan Mənsimov onu slovakiyalı futbolçunun transferinə razı sala bilib. “Fənərbaxça” prezidenti Əziz Yıldırımla da isti münasibətləri olan və onu Azərbaycan kubokunun “Bakı” ilə final oyununa dəvət edən Mənsimov istanbulluların daha bir oyunçunu heyətinə qatması üçün kömək etmək niyyətindədir. Türkiyəlilər Rusiya MOİK-ində çıxış edən serbiyalı Miloş Krasiçin keçidində məhz həmyerlimizin dəstəyinə arxalanır. Çünki onun rus futbol funksionerləri ilə də münasibətlərə malikdir.

Qeyd edək ki, “Fənərbaxça”nın 4 illik müqavilə imzaladığı Stoç son mövsümü icarə əsasında “Tvente”də keçirib. “Qalatasaray”ın da transfer etmək istədiyi slovakiyalı Hollandiya təmsilçisində həmyerlimiz Vaqif Cavadovla birgə çıxış edib. Lakin gününü ehtiyatda və zədəlilər sırasında keçirən 21 yaşlı hücumçumuzdan fərqli, onun slovakiyalı həmyaşıdı 32 oyuna çıxıb və 6 qol vurub.