Yığmamızın sabiq futbolçusu: Deyirdilər ki, “İnter”ə keçəcəyəm
12.06.2010 - 16:20
Yığmamızın sabiq futbolçusu: Deyirdilər ki, “İnter”ə keçəcəyəm
“Komandamla müqaviləmin müddəti başa çatıb. İlk vaxtlar “İnter”ə keçəcəyim söylənilirdi. Amma zəng vurub, maraqlanan olmadı. Bununla da keçidim alınmadı. İndi də bəzi klublardan dəvətlər var. Amma qərar verməkdə tərəddüd edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında Unibank Premyer Liqasının başa çatan mövsümündə Zaqatalanın “Simurq” klubunun kapitanı olmuş Elşən Məmmədov deyib.

Azərbaycan yığmasının sabiq 29 yaşlı hücumçusu komanda seçimində tələsməməsinin səbəbini də açıqlayıb. O bildirib ki, ölkə xaricində oynamaq ehtimalı var: “Bu, menecerlər vasitəsi ilə baş tuta bilər. Azərbaycanlı bir menecer məni Türkiyənin Bank Asiya klublarına aparmaqda maraqlıdır. Əlbəttə, gedəcəyim ünvanı bilirəm, sadəcə, danışıqların gedişində klubun adını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Əgər, bir kluba keçidim baş tutmazsa, digərinə gedəcəyəm. Düzü, bütün bu çətinlikləri göz önünə almışam. Çünki karyeramı ölkə xaricində davam etdirmək mənə maraqlı gəlir. Türkiyədə oynamaqla yeni şərait görmüş olar, təcrübəmi artıraram. Türkiyəyə gedərsəm, oynayacağım klub iyunun 20-nə qədər müəyyənləşəcək".

Əgər, arzuları həyata keçməzsə, o, yenidən “Simurq”a qayıdacağını bildirib: "Simurq" mənə doğma komandadır. Artıq 2 ildir ki, bu komandanın heyətində çıxış edirəm. Rəhbərliklə münasibətlərim qaydasındadır. Əgər, başqa variantlar alınmazsa, bu kluba qayıtmağımda heç bir problem olmayacaq".

Qeyd edək ki, Elşən Məmmədov "Simurq"la ölkə çempionatının bürünc medallarını qazanıb və Avropa Liqasında oynayıb.