Kənan Kərimov karyerasını bitirəcəyini istisna etmir
14.06.2010 - 15:16
Kənan Kərimov karyerasını bitirəcəyini istisna etmir
“Zədəmin müalicəsi üçün Ukraynada yaşayan həkimimin yanına getməli idim. Onun müalicə üsulu özünü doğrultdu. Belə ki, yazdığı dərmanlar hesabına zədədən canımı qurtardım. Odur ki, turist kimi Ukraynaya səfər etmək həvəsim yoxdur. Həkimimin görüşünə getməyəcəyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında "Qəbələ" klubunun sabiq kapitanı Kənan Kərimov deyib.

Toni Adamsın gəlişindən sonra "Qəbələ" 34 yaşlı hücumçu ilə müqavilənin müddətini uzatmaqdan imtina edib. Hazırda başqa klublardan da ciddi dəvət almayan Kərimov peşəkar futbolçu karyerasını bitirəcəyini istisna etmədiyini söyləyib: “Əlbəttə ki, bu sonuncu variant ola bilər. Həyatda olduğu kimi futbolda da hər şey mümkündür və gözləniləndir. Amma mən heç vaxt bədbinliyə qapılmamışam. Klublarımız hələ hazırlığa yeni-yeni başlayıblar. Fikrimcə, yaxın gələcəkdə yaxşı dəvətlər olacaq”.

Qeyd edək ki, Kənan Kərimov "Qəbələ"yə 2 il öncə Ağdamın "Qarabağ" klubundan transfer olunub.