Azərbaycan yığmasının oyununu idarə edən hakim 50 min avro rüşvət alıb
15.06.2010 - 09:36
Azərbaycan yığmasının oyununu idarə edən hakim 50 min avro rüşvət alıb
Azərbaycan milli komandasının oyunu idarə etmək üçün Bakıya gələn ukraynalı FİFA hakimi İqor İşenkonun adı rüşvətxorluqda hallanır. Apasport.az saytının Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, yığmamızın ötən ilin iyununda İspaniya millisinə 0:6 hesabı ilə uduzduğu yoldaşlıq görüşünün baş hakimi olan ukraynalı referi 50 min rüşvətin müqabilində Almaniya və San-Marinonun gənclər yığmaları arasında rəsmi oyunda bukmekerlərin istədiyi lazımı nəticənin təmin etməkdə günahlandırılır. Belə məbləğ İşenkoya san-marinolular 6 və daha çox top fərqi ilə uduzacağı halda söz verilibmiş. Sonda belə olub və almanlar rəqibin qapısına 11 cavabsız qol vurub.

İşenko məsələ ilə bağlı açıqlamasında bildirib ki, hələ ötən ilin dekabrın 1-də UEFA-nın mənzil-qərargahına bu oyunla bağlı ifadə vermək üçün gedib: “Ertəsi gün İsveçrədən evə gəldiyim zamanı Frankfurtda hava limanında alman polisinə də bu haqda məlumat verdim. Bundan sonra heç bir problem yaranmadı. Oyuna gəlincə, almanların imkan daxilində daha çox qol vurmaq istəyini görmədim”.

Qeyd edək ki, ötən yaz digər ukraynalı FİFA referisi Oleq Orexov eyni şübhəyə görə hakimlikdən kənarlaşdırılıb.