Vaqif Qasımov: Bizim əcnəbi məşqçilərlə işimiz yoxdur
15.06.2010 - 23:07
Vaqif Qasımov: Bizim əcnəbi məşqçilərlə işimiz yoxdur
“Olimpik-Şüvəlan” klubunun prezidenti Vaqif Qasımovun apasport.az saytına müsahibəsi

- Komanda hazırlığa nə vaxt start verəcək?
- İyunun 21-də təlim-məşq toplanışına start verəcəyik. Komanda üzvləri sabahdan (iyunun 16-dan) etibarən bir araya gələcək. Təbii ki, əvvəlcə tibbi müayinədən keçəcəklər. Bütün futbolçular Bakıda olacaqlar. Yəni oyunçularımızdan biri yolun uzaqlığını bəhanə edib, icazə istədi. Ancaq biz buna razı olmadıq. Birinci mərhələni burada keçəcəyik.

- Bəs ikinci mərhələni harada keçirəcəksiniz?
- Türkiyəyə yollanacağıq. Komanda iyulun 8-dən 20-dək orada təlim-məşq toplanışı keçirəcək.

- Bəs baxışa dəvət etdiyiniz futbolçular komandaya harada qoşulacaq?
- Hamısı Bakıya gələcək. Biz Türkiyəyə komplektləşmiş şəkildə yollanacağıq. Kimlərlə müqavilə imzalayacağımıza burada qərar verəcəyik.

- Avstriyada bəyəndiyiniz futbolçulardan hansı ilə müqavilə imzalayacaqsınız?
- Xidmətində maraqlı olduğumuz futbolçular var. Onlardan bəziləri ilə bu gün də telefon vasitəsilə əlaqə saxlamışıq. Ancaq indidən ad açıqlamaq istəmirəm. Danışıqlar davam edir. Çoxlu oyunçu gələcək.

- Bəs yerli futbolçular arasında danışıq apardığınız varmı?
- 4-5 yerli oyunçu ilə danışıq aparırıq. Onlardan biri də “Turan”ın formasını geyinib. Söhbət Asəf Qədiridən gedir. “Turan”dan tək onu almayacağıq.

- “Olimpik-Şüvəlan”ın çempionluq uğrunda oynayacağını deyirsiniz…
- Əlbəttə, əgər qarşımıza yüksək məqsədlər qoymasaq, oynamağın nə mənası var? Qarşımıza bir məqsəd qoymuşuq: Avrokuboklara vəsiqə qazanmaq. Buna nə dərəcədə nail olacağımızı indidən deyə bilmərəm.

- Sizcə, yığdığınız heyətlə buna nail ola biləcəksinizmi?
- Heyətimizi hələ tam formalaşdırmamışıq. Çalışmalarımız davam edir. Lakin məqsədimiz dəyişməzdir. Yaxşı olacağını düşünürəm. Heç bir klubdan zəif olmayacağıq.

- Komandadan yenə ayrılan olacaqmı?
- Gedənlər barədə açıqlama vermişik. Onlardan yalnız Bunyadoviç qayıdacaq. Onun klubla müqaviləsi var. Özü də geri dönəcəyini deyib. Qaldı ki, məsələnin digər tərəfinə, biz heç kimi zorla komandada saxlamayacağıq. Onun bizə köməyi dəyə bilər.

- Stadion nə vaxt hazır olacaq?
- Son tamamlama işləri görülür. 100-ə yaxın işçi qüvvəsi çalışır. İnşallah, sentyabrın 1-dən etibarən ev oyunlarımızı orada keçirəcəyik.

- Hansı işlər qalıb?
- Tribunanın alt hissəsi bağlanmalıdır. Bir də meydança qalıb. Hələ ağır yüklü maşınlar işlədiyindən meydança qalıb. Ay yarıma tam hazır olacaq.

- Süni örtük olacaq?
- Bəli. Daha “Şəfa”dakı kimi yox. Son model olacaq. UEFA-nın bütün tələblərinə cavab verəcək.

- Məşqçilər korpusunda necə, dəyişiklik gözlənilirmi?
- Əvəzedici komandaya qapıçılarla işləyən məşqçi və fizioterapivt dəvət edəcəyik. Hamısı yerli olacaq. Bizim əcnəbilərlə işimiz yoxdur. Əsas komandada heç bir yenilik olmayacaq.