Ukraynalı FİFA hakimi: Azərbaycanda xoş münasibət gördüm
16.06.2010 - 10:03
Ukraynalı FİFA hakimi: Azərbaycanda xoş münasibət gördüm
Ukraynalı FİFA hakimi İqor İşenko Azərbaycandan aldığı dəvəti yüksək qiymətləndirib. Apasport.az saytının məlumatına görə, milli komandamızın ötən ilin iyunun 9-da İspaniya yığması ilə yoldaşlıq görüşünü (0:6) idarə etmək üçün Bakıya gələn təcrübəli referi həmin səfəri xoş təəssüratla yada salıb.

İşenko ulduz futbolçuların oyununu idarə etməyə imkan yaradanlardan razıdır: “Ötən mövsüm Almaniya ilə İspaniya kimi yüksək səviyyəli yığmalarla yollarım kəsişdi. Düzdür, Almaniyanın Lixtenşteynlə rəsmi görüşü və Azərbaycanın İspaniya ilə yoldaşlıq görüşü elə də məsuliyyətli oyunlar deyildi. Ancaq istənilən halda, Şvaynştayger, Ballak, Xavi, Podolski ilə işləmək maraqlı idi. Xoş olan odur ki, hər iki oyunda hakimlər briqadasına xoş münasibət göstərildi”.

Qeyd edək ki, İşenko millimiz üçün böyük uğursuzluqla nəticələn həmin oyunda vərəqə verməmişdi. Son günlərdə onun adı Almaniya və Lixtenşteynin gənclər yığmaları arasında rəsmi oyunda bukmekerlərin istədiyi nəticəni təmin etməsi müqabilində 50 min rüşvət almaqda hallanır.