“Xəzər-Lənkəran” “Selta”nın futbolçusunu baxışa çağırdı
16.06.2010 - 23:03
“Xəzər-Lənkəran” “Selta”nın futbolçusunu baxışa çağırdı
Almaniyada təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” baxışa braziliyalı futbolçu dəvət edib. Apasport.az saytının məlumatına görə, son mövsüm Portuqaliyanın “Gimarayeş” klubunda oynayan Qarsia Fernandes Renan karyerasını Ağasəlim Mircavadovun rəhbərliyi altında davam etdirə bilər.

4 gündən sonra 24 yaşını qeyd edəcək dayaq yarımmüdafiəçisi Portuqaliya çempionatının güclülər dəstəsində 5 oyun keçirdikdən sonra xoşbəxtliyini Azərbaycanda axtarmaq niyyətindədir. O, “Xəzər-Lənkəran”a görə yarım il əvvəl müqavilə imzaladığı klubdan ayrılmağa da hazırdır. Renan Portuqaliyada meydana çıxdığı 5 matçdan yalnız birində 90 dəqiqə mübarizə aparıb ki, bu da komandasının “Porto” üzərində 3:0 hesablı qələbə qazandığı matç olub.

Gimarayeş təmsilçisinə qədər Renan vətənində və Avropada – Danimarka ilə İspaniyada çıxış edib. Karyerasını “Batatais” (2003-04) klubunda başlayan yarımmüdafiəçi 2005-ci ildə “Atletiko-Mineyro” ilə uzun müddətli müqavilə imzalayıb. Heç də həmişə bu klubda oynamayan Renan vətənində “Santa-Kruz”, “Sport Resife”, “Fortaleza”ya, həmçinin Danimarkanın “Brondbü” və İspaniyanın məşhur “Selta” klublarına icarəyə verilib. Onun məşhur Viqo təmsilçisində çıxış etdiyi vaxt “Selta” aşağı dəstədə mübarizə aparırdı. Renan İspaniyada 17 oyuna 1 qol vurub.