Vaqif Cavadov Kerkradeyə gedir
17.06.2010 - 10:24
Vaqif Cavadov Kerkradeyə gedir
Hollandiya çempionatının 2010/11 mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Tvente” klubunun ölkə birinciliyindəki qarşılaşmalarının tarixi və saatı da məlum olub.

Son Hollandiya çempionu yarışa avqustun 6-da başlayacaq. Vaqifin komandası ilk matçını səfərdə “Roda”ya qarşı keçirəcək. Kerkrade şəhərindəki matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Klubunda heyətə düşə bilməyən 21 yaşlı hücumçumuzun Kerkradeyə aparılıb-aparılmayacağı onun komandada saxlanılmasından asılı olacaq. İlk ev oyununu avqustun 14-də keçirəcək “Tvente” saat 23:45-də “Herenven”i qəbul edəcək.

Qeyd edək ki, Hollandiya çempionatı gələn il mayın 15-də başa çatacaq. Həmin gün Cavadovun komandası Amsterdamda “Ayaks”la görüşəcək.