“Valeri Abramidze “İnter”in futbolçusu deyil”
22.06.2010 - 15:20
“Valeri Abramidze “İnter”in futbolçusu deyil”
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “İnter” klubu Azərbaycan yığmasının futbolçusu Aleksandr Çertoqanovla müqavilə bağlayıb. Bu haqda apasport.az saytına apasport.az saytına klubun baş menecerinin müavini Kamran İsmayılov məlumat verib.

Onun sözlərinə görə, 2004-cü ildən ölkəmizdə çıxış edən 30 yaşlı milliləşən ukraynalı yarımmüdafiəçi ilə bitən anlaşmanın müddəti uzadılıb: “Çertoqanovla Levin hələ də Bakıdadırlar. Onlara Bolqarıstana viza açılması üçün bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət etmişik. Futbolçuların pasportları səfirliyə təqdim olunub. Ola bilsin ki, artıq bu axşama kimi məsələ müsbət həll olundu və ukraynalı oyunçular komandamızın düşərgəsinə yollandı. Latviyalı yarımmüdafiəçi Andrey Rubin artıq Bolqarıstandadır və “İnter”lə birgə hazırlıq keçir. Litvalı hücumçumuz Robertas Poşkus isə bu günlərdə Bakıya gələrək, yeni müqavilə imzalayacaq. O da bundan sonra Bolqarıstana yollanacaq”.

Premyer Liqamızın son qalibinin mövsümlərarası fasilədə ilk legioner transferi Valeri Abramidze olub. “Neftçi”nin mövsüm bitəndən sonra yollarını ayırdığı 30 yaşlı gürcü müdafiəçi “bankirlər”i baş məşqçisi olan həmyerlisi Kaxaber Sxadadzenin dəvətini qəbul edib. Düzdür, İsmayılov hələ məsələnin rəsmiləşmədiyini bildirib: “Abramidze bu gün “İnter”in futbolçusu deyil. O, komandamızın düşərgəsində yer almayıb. Ancaq sabah necə olacağını deyə bilmərəm. Həyatda hər şey ola bilər”.

Qeyd edək ki, “Neftçi”də birgə oynayan Çertoqanovla Abramidze 4 illik fasilədən sonra yenidən komanda yoldaşı olacaq.

Mehman SÜLEYMANOV