Azərbaycan yığmasının məşqçisi: Anelkanı yaxşı başa düşürəm
22.06.2010 - 16:53
Azərbaycan yığmasının məşqçisi: Anelkanı yaxşı başa düşürəm
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn Fransa yığmasının dünya çempionatının final mərhələsindəki uğursuzluqlarında günahkar sayılan Nikola Anelkanın cəzalandırılması ilə razı deyil. Apasport.az saytının məlumatına görə, Almaniya millisinin sabiq qapıçısı fransalı futbolçunun durumunun ona yad olmadığını açıqlayıb: “Fransa yığmasında baş verənlər anlaşılmazdır. Artıq Anelka vətənə göndərilib. 1986-cı ildə Meksikada mənim başıma gələnlər də məlumdur. Bu səbəbdən Anelkanı yaxşı başa düşürəm. Baş verənlər oyunçularla məşqçilər, federasiya arasında narazılıqların mövcudluğunu göstərir”.

Ştaynın fikrincə, onun kənarlaşdırıldığı Bundestimlə Fransa yığması arasında fərq böyükdür: “Mənim baş məşqçim Frans Bekkenbauerlə Anelkanın çalışdırıcısı Raymond Domenekin komandadakı nüfuzları eyni deyil. Bizim vaxtımızda məşqçimizin sözünün kəsəri böyük idi. Elə heyət üzvləri arasında həmrəylik də böyük idi. Elə buna görə də fransalıların 1/8 finala çıxacağına şübhə edirəm”.

Qeyd edək ki, Ştaynın üçüncü qapıçı olduğu AFR yığması 24 il əvvəl mundialın finalında əfsanəvi Dieqo Maradonanın kapitanı olduğu Argentinaya 2:3 hesabı ilə uduzub.