Ramiz Məmmədov ilk addımını atdı
22.06.2010 - 23:11
Ramiz Məmmədov ilk addımını atdı
“Hazırda “Pro” məşqçilik kateqoriyası almaq üçün çalışmalarımı davam etdirirəm. Artıq bu istiqamətdə ilk addım da atılıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov deyib.

Klubdakı vəzifəsini İngiltərə futbolunun əfsanələrindən olan Toni Adamsa təhvil verən 42 yaşlı mütəxəssis məşqçilik biliklərini artırmaqla məşğuldur: “Ötən ayın 30-dan bu ayın 11-dək Ukraynada keçirilən kurslarda iştirak etmişəm. “Pro” kateqoriyası üçün növbəti kurslar isə Almaniyada olacaq. Məkan dəqiq bilinməsə də, kurslar böyük ehtimalla Münhendə keçiriləcək. Praktiki hazırlıqlar təxminən 1 aya başlamalıdır. Kateqoriyaya yiyələnmək üçün il ərzində təşkil olunan kurslara qatılacağam ki, onların da nə vaxt, harada keçirilməsi hissə-hissə açıqlanır. Bu səbəbdən növbəti kursların yeri haqda məlumatım yoxdur. İlin sonunda isə bütün bu kursların yekununa əsasən imtahan verib, “Pro” lisenziyasına yiyələnəcəyəm”.

Qeyd edək ki, Məmmədov 2006-cı ilin oktyabrından 2010-cu ilin mayına kimi “Qəbələ”nin baş məşqçisi olub.