Rauf Mehdiyev: “Neftçi” “qara zolaqda”dır – MÜSAHİBƏ
22.06.2010 - 17:10
Rauf Mehdiyev: “Neftçi” “qara zolaqda”dır – MÜSAHİBƏ
Bakının “Neftçi” klubunun yeni transferi, yığmamızın sabiq qapıçısı Rauf Mehdiyevin müsahibəsi

- Unibank Premyer Liqasının 2010/11 mövsümünə “Neftçi”də başlayacaqsan. Bu komandaya keçidin necə alındı?
- Bir müddət əvvəl "Muğan"la müqavilə bağlamışdım. Lakin sonra "Neftçi"dən təklif aldım. Flaqmana keçidimlə bağlı "Muğan" rəhbərliyi ilə danışıqlar oldu. Çox sağ olsunlar ki, transferimə imkan yaratdılar.

- Vaxtilə sabit oyununla diqqət çəkirdin, avrokuboklarda parlaq çıxış edirdin. Lakin son zamanlar komandanı tez-tez dəyişirsən. Bunun əsas səbəbi nədir?
- Düz deyirsiniz. Mənim oynamaq istəyim çox olduğundan, bir klubda qərar tuta bilmirdim, tələsirdim. Yalnız tələskənlik ucbatından axır vaxtlar bir neçə komanda dəyişmişəm. Etiraf edim ki, heç bir komandada ehtiyat oyunçular skamyasında oturmaq ürəyimcə olmayıb.

- Şübhəsiz ki, "Neftçi"də də səni güclü rəqabət gözləyir. Çünki komandanın əsas qapıçısı Paulius Qribauskasdır. Bundan başqa, heyətdə gənc Elçin Sadıqov da yer alır.
- Əslində, mən heç vaxt rəqabətdən çəkinməmişəm. Komandada sağlam rəqabət olmalıdır. Əks təqdirdə, inkişafdan, uğurlardan söhbət gedə bilməz. Özümü rəqabətə tam hazır sayıram.

- Artıq flaqmanda birinci məşqinə çıxmısan. Yeni komandan barədə ilkin təəssüratların necədir?
- Çox gözəl kollektiv var. Ölkəmizin ən səviyyəli komandalarından biridir, hər zaman böyük hədəflər uğrunda mübarizə aparıb. Belə klubun heyətində yer almaq hər bir futbolçuya nəsib olmur.

- Sənin 34 yaşın var. Sahə oyunçusu üçün bu, kifayət qədər böyük yaş həddidir. Hətta bir sıra futbolçular 34 yaşda karyeralarını başa vururlar. Bəs sən necə düşünürsən: yaşın oyununa mənfi təsir göstərmir ki?
- Qapıçılar üçün yaş problemi yoxdur. Hazırda CAR-da keçirilən dünya çempionatında da əksər yığmaların qapıçılarının yaşı 30-dan çoxdur. Əsas odur ki, gücün olsun. Hiss edirəm ki, gücüm var, buna görə də karyeramı yüksək səviyyədə davam etdirməyə qərarlıyam.

- "Neftçi"nin gələn mövsüm hansı nəticəni göstərəcəyini proqnozlaşdırırsan?
- Mənə elə gəlir ki, növbəti mövsümdə çempion olacaq. Bu komanda həmişə qızıl medallara oynayıb. Lakin son illərdə flaqmanın bəxti gətirmir, komanda "qara zolaq"dadır. Çox istərdim ki, "Neftçi"nin heyətində növbəti çempionluğumu yaşayım. Bu komandada oynamaq uşaqlıq arzum idi. Fikrimcə, flaqmanın qızıl medallar qazanmasının vaxtı çatıb.

- Milli komandanın heyətində də forma geyinmisən. Yenidən yığmamızda oynamaq niyyətin var, yoxsa karyeranda milli komanda səhifəsi artıq bağlanıb?
- Yığmanın şərəfini qorumaq hər bir futbolçu üçün şərəfdir. Təbii ki, yenə yığmada oynamaq istəyirəm. Öz üzərimdə işləyib, məşqçilər korpusunun etibarını qazanmağa və əsas heyətdə yer almağa çalışacağam. "Neftçi"də uğurlu çıxışım sayəsində milli komandaya yenidən dəvət alacağıma inanıram.

Mənbə: neftchifc.com