“Azərbaycanla oyunda hər imkanı qola çevirməliyik”
23.06.2010 - 13:14
“Azərbaycanla oyunda hər imkanı qola çevirməliyik”
Azərbaycan millisi fərdi deyil, komanda oyununa üstünlük verir. Biz bu rəqibin oyununun zəif nöqtələrini tapmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət İsveç yığmasının baş məşqçisi Tomas Dennerbyu deyib.

Dünya çempionatının seçmə mərhələsinin bugünkü qarşılaşmasında Azərbaycan yığması ilə görüşəcək skandinaviyalıların çalışdırıcısı matç ərəfəsində fikirlərini açıqlayıb. O, yetirmələrinin iyunun 19-da Belçikaya 0:11 hesabı ilə uduzan yığmamıza maksimum çox qol vurmasını arzulayır: “Çexiya ilə qolsuz heç-heçədən sonra top və xal hesabımızı zənginləşdirməliyik. Elə bu səbəbdən də Azərbaycan yığmasının qapısı ağzında daha qətiyyətli oynamalıyıq. Hər imkana həlledici gözü ilə baxıb, bütün qol şanslarından yararlanmalıyıq”.

Dennerbyu seçmə mərhələnin startında Bakıda 3:0 hesabı ilə məğlub etdikləri yığma ilə indiki millimiz arasında fərqin də böyük olduğunu düşünür: “Əvvəlki Azərbaycan yığması U-19-un bazasında təşkil olunmuşdu ki, həmin gənclər də Avropa çempionatının final mərhələsinin bir addımlığında idilər. İndi isə demək olar ki, həmin komanda tamamilə dəyişdirilib. Onlarla matçın təkcə sonunda deyil, 90 dəqiqə yaxşı oynamalıyıq”.

Qeyd edək ki, bu gün keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.