“Mersində mənə son model maşın veriləcək”
23.06.2010 - 14:00
“Mersində mənə son model maşın veriləcək”
Türkiyənin Bank Asiya I liqasında mübarizə aparan “Mersin İdman Yurdu” klubu ilə müqavilə bağlayan 24 yaşlı azərbaycanlı futbolçu İlqar Qurbanovun apasport.az saytına müsahibəsi

- “Mersin İdman Yurdu”na keçidiniz necə baş tutdu?
- Azərbaycan çempionatı bitdikdən bir neçə gün sonra istirahət etmək və yeni klub axtarmaq məqsədilə Türkiyəyə getdim. Əslində, hələ getməzdən öncə bu ölkənin klublarından dəvət almışdım. Lakin qərar verməyə tələsmirdim. Azərbaycanda oynamaq istəyirdim ki, bunun da səbəbi hamıya məlumdur. Baş məşqçisi Berti Foqtsun rəğbətini qazanıb milli komandaya qayıtmaq arzusunda idim. Amma Azərbaycan klublarından real dəvət almadım. Yalnız zəng vurub hal-əhvalımı soruşurdular.

- Yeni klubunla danışıqların belə tez yekunlaşacağını gözləyirdinizmi?
- Düzü, “Mersin İdman Yurdu” danışıqların tez bitməsini məndən daha çox istəyirdi. Amma tələsmirdim. Dediyim kimi, Azərbaycandan dəvət gözləyirdim.

- Amma hər şey arxada qalıb və bu klubla keçmisiniz. Mümkündürsə, müqavilənin şərtləri barədə məlumat verərdiniz...
- Müqavilə 1+1 sistemi ilə imzalanıb. Əgər bu mövsüm başa çatdıqdan sonra qarşılıqlı razılaşma əldə olunsa və istədiyim pulu versələr, qalıb növbəti mövsümdə də bu komandanın şərəfini qoruyacağam. Ortaq məxrəcə gələ bilməsək, başqa variantları nəzərdən keçirəcəyəm. Maaşımın məbləği ildən-ilə artacaq.

- Sizinlə yanaşı, Azərbaycan millisinin digər sabiq üzvü Ernani Pereyra da “Mersin İdman Yurdu” ilə anlaşıb. Onunla görüşmək imkanınız oldumu?
- Xeyr. Müqavilələr fərqli günlərdə imzalanıb. Sadəcə, xəbər tutdum ki, Ernanini də transfer ediblər. Onunla müqavilənin müddəti bir illiyə nəzərdə tutulub. Bildiyiniz kimi, mənim Azərbaycanla yanaşı, Türkiyə vətəndaşlığım da var. Yəni bu klubda legioner kimi oynamayacağam. Bu, klubun xeyrinə işləyir.

- Türkiyədə olduğunuz bir ay müddətində başqa klublardan dəvət almışdınız?
- Əlbəttə. Mənim bu sarıdan heç vaxt problemim olmayıb. Dəfələrlə mənə zəng vurub komandasına çağıranlar vardı.

- Həmin klubların adlarını çəkə bilərsinizmi?
- Burada gizli heç nə yoxdur. "Samsunspor" hələ ötən mövsümün ortalarında mənə dəvət göndərmişdi. Həmin vaxt “Olimpik-Şüvəlan” klubu ilə müqaviləm qüvvədə olduğundan, bu dəvəti dəyərləndirmədim. "Samsunspor"la yanaşı, "Göztəpə", "Altay", "Karşıyaka" və “Orduspor” xidmətimdə maraqlı idi. "Göztəpə" mənə külli miqdarda pul təklif edirdi. Amma 3-cü liqada oynamaq istəmədim. "Altay" və "Orduspor"la dəfələrlə söhbətim olmuşdu.

- Bəs niyə “Mersin İdman Yurdu”nu seçdiniz?
- Maliyyə vəziyyətinə görə. Bu komanda Bank Asiyanın ən öndə gələn klublarından biridir. Eyni zamanda, görüşdüyüm insanlar məndə xoş təsir bağışladılar. Vaxtilə olduğum şəhərdə xeyli işlər görülüb, görkəmi dəyişib. Odur ki, onların dəvətinə “yox” deyə bilmədim. Məndən başqa, daha bir neçə güclü oyunçu dəvət ediblər. Hiss olunur ki, məqsədləri var və burada oynamaqla nəyəsə nail olmaq mümkündür. Bununla yanaşı, mənim irəli sürdüyüm bəzi kənar tələbləri də qəbul etdilər.

- Bunların mahiyyəti barədə danışa bilərsiniz?
- Müqavilənin şərtlərinin ildən-ilə dəyişməsini istədim. Əgər ikinci il qalarsam, indikindən xeyli çox qazanacağam. Bir də komanda mövsümü ilk "üçlük"də bitirsə, mənə yeni model maşın və 100 min avro nağd pul veriləcək. Bunlar hamısı bağladığım müqavilədə əksini tapıb.

- Müqayisə aparsaq, “Olimpik-Şüvəlan”la “Mersin İdman Yurdu” klubunda qazanacağınız məbləğ arasında fərq çoxdurmu?
- Bəli. Bu mövsüm hardasa 3 dəfə çox qazanacağam. İkinci mövsümdə də oynasam, bu 5 dəfəyə çatacaq.

- Anatoli Ponomaryov “Orduspor”un heyətində qol vurduqdan sonra milli komandamızın baş məşqçisi Berti Foqts ona seleksiya xarakterli toplanışda şans verdi...
- Mən "Boluspor"un heyətində əksər oyunlarda meydançaya çıxıb qollar vururdum. Foqts həmin vaxt baş məşqçi olsa da, mənə dəvət göndərmirdi. Yəqin ki, nəsə çatışmazlığım vardı. Foqtsun dönəmində milliyə qayıdacağıma inamım az olsa da, ümidim ölməyib.

- Siz tez-tez zədələnirsiniz. Yeni komandanızda bu problemlə üzləşməmək üçün nəsə tədbiriniz varmı?
- Düzü, hər zaman özümü qorumağa çalışmışam. Lakin zədə məni ani epizodda yaxalayıb. Zədə mənə nə "Boluspor"da, nə də "Olimpik-Şüvəlan"da potensialımdan tam istifadə etməyə imkan verdi. İçimdə qorxu hissi olsa da, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümidvaram.

- Artıq vətənə qayıtmısınız. Bəs komandanın hazırlığına nə vaxt qoşulacaqsınız?
- Yeni qayıtsam da, müqavilə bağladığımı hamı bilir. Bunu özüm ilk dəfə ailəmə və "Olimpik-Şüvəlan"da bir yerdə oynadığım bir gürcü futbolçuya demişəm (İlqarın "Olimpik-Şüvəlan"da ən yaxın dostu Nuqzar Kvirtiya olub - red). Mətbuatda isə ilk dəfə sizə danışıram. İnşallah, vətəndə yaxınlara baş çəkdikdən sonra iyunun 27-də Türkiyəyə qayıdacağam. 29-dan etibarən komanda məşqlərə başlayacaq. Bundan bir həftə sonra isə təlim-məşq toplanışı məqsədilə Avstriyaya gedəcəyik. Artıq Mersində qalmağa evim də var.