Azərbaycan çempionu “Qarabağ”a “torba tikir”
23.06.2010 - 14:33
Azərbaycan çempionu “Qarabağ”a “torba tikir”
Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq Makedoniyanın “Metallurq” klubu “casus” xidmətində maraqlıdır. Apasport.az saytının məlumatına görə, skopyelilər üçün bu funksiyanı “Simurq”un baş məşqçisi Qyoko Hacıyevski yerinə yetirir.

“Bakı” ilə Azərbaycan çempionu olan, hətta yığmamızı iki oyuna çıxaran, indi isə Zaqatala təmsilçisini çalışdıran makedoniyalı mütəxəssis artıq həmyerlilərinə köməyə başlayıb. Belə ki, “Metallurq”un baş məşqçisi Jikitsa Tasevskinin sözlərinə görə, Hacıyevskidən artıq ilk məlumatları alıb: “Püşkün nəticələrini bilən kimi Hacıyevskiyə müraciət etdik. “Simurq”a rəhbərlik edən tanınmış strateq Azərbaycan futbolunun mahir bilicisidir. O, bu ölkədə futbolun durumuna yaxşı bələddir. Hacıyevski ilə uzun, maraqlı söhbət etdik”.

Həmyerlisi ilə söhbətdən sonra isə Tasevski növbəti mərhələ haqda düşünməyə başlayıb: “Biz avrokuboklarda debütantıq. Son vaxtlar Azərbaycanda futbola böyük investisiyaların qoyulması bizə yaxşı məlumdur. Lakin “Metallurq” hər iki matçda bacardığından da yaxşı oynayacaq. Avropa Liqasında nəyə nail olacağımız haqqında danışmaq istəmirəm. Çünki II mərhələdəki rəqibimizin kimliyinə aydınlıq gəlməyib. Bunun üçün “Portadaun” (Şimali İrlandiya) - “Skonto” (Latviya) cütünün nəticəsini gözləməliyik”.

Qeyd edək ki, “Qarabağ”la “Metallurq” arasında ilk oyun iyulun 1-də keçiriləcək.