“Qəbələ” ikinci transferini reallaşdırdı
24.06.2010 - 13:54
“Qəbələ” ikinci transferini reallaşdırdı
“Hələlik 2 yerli futbolçu ilə müqavilə imzalamışıq. Onlardan Asəf Qədiri ilə 1, Arif İsayevlə isə 2 müddətinə anlaşmışıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Yeni mövsümün hazırlığına gələn ayın əvvəlində start verəcək əyalət təmsilçisi hazırda transfer çalışmalarına diqqət yetirir. Daha doğrusu, heyətin özəyini saxlayan “Qəbələ” gənc futbolçularla bir qədər güclənmək niyyətindədir.

Baş məşqçi Toni Adamsın ölkəmizə gəlişi isə iyunun 26-na planlaşdırılıb. Komandanın hazırlıq planı da ingilis mütəxəssisin gəlişindən sonra keçiriləcək klubdaxili iclasda dəqiqləşdiriləcək.

Ancaq klub rəsmisi hansısa xarici ölkəyə getməyi planlaşdırmadıqlarını bildirib: “Demək olar, ölkə xaricinə çıxmayacağıq. Bütün yoxlama oyunlarını burada keçirəcəyik. Kənardan klub dəvət edib-etməyəcəyimizə baş məşqçi gəldikdən sonra keçiriləcək klubdaxili iclasdan sonra aydınlıq gətiriləcək”.