Xorvatiya yığmasının sabiq futbolçusu “Olimpik-Şüvəlan”da
25.06.2010 - 12:40
Xorvatiya yığmasının sabiq futbolçusu “Olimpik-Şüvəlan”da
Bakının “Olimpik-Şüvəlan” klubu Xorvatiya yığmasının sabiq futbolçusunu baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, Nikola Şafariç paytaxt təmsilçisinin düşərgəsində sınaqdan keçir. 29 yaşlı hücuma meylli yarımmüdafiəçinin komandada qalıb-qalmayacağına baş məşqçi Nazim Süleymanov qərar verəcək.

Futbolçu karyerasına “Varteks”də başlayan Nikola 1998-ci ildən 2007-ci ilədək bu klubun formasını geyinib. Orada 195 oyunda 40 qol vuran Safariç növbəti ili “Riyeka”da keçirib. 29 yaşlı oyunçu 33 matçda komandasına kömək edib və rəqib qapısına 2 dəfə yol tapıb. 2008-ci ildən “Slaven”də top qovan xorvatiyalı 21 qarşılaşmada cəmi 1 dəfə fərqlənib. Karyerası ərzində Xorvatiyanın U-17, U-19 və U-21 yığmalarına da dəvət edilib. Nikola 2004-06-cı illərdə Xorvatiyanın əsas yığmasında 3 oyun keçirib.