Rəşad Sadiqov: Şahin Diniyev çox böyük səhvə yol verdi
28.06.2010 - 09:46
Rəşad Sadiqov: Şahin Diniyev çox böyük səhvə yol verdi
“Türkiyədə istədiyimiz kimi hazırlıq keçə bilmədik. Nəzərdə tutduğumuz qədər yoxlama oyununda qüvvəmizi sınamadıq. Bununla da, məşqçilər korpusunun və ümumilikdə komandanın planları pozuldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadiqov deyib.

27 yaşlı futbolçu bildirib ki, Rusiyanın "Terek" klubu ilə nəzərdə tutulan yoxlama matçının baş tutmamasına Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev səbəb olub: "Terek" klubuna Türkiyə hazırlığı zamanı Şahin Diniyev rəhbərlik edirdi. O, komandasının bizə qarşı oynamasının əleyhinə oldu. Odur ki, yoxlama matçı gecə saatlarında ləğv olundu".

Sadiqov Şahin Diniyevin "Qarabağ"a qarşı bu mövqedən çıxış etməsi ilə barışa bilmədiyini söyləyib: "Şahin müəllim Azərbaycan yığması ilə yanaşı, "Qarabağ" klubunda da fəaliyyət göstərib. O, "Qarabağ"ın adına hörmət edib bu addımı atmamalı idi. Məncə, Şahin Diniyev çox böyük səhvə yol verdi. O, bunu etməyə də bilərdi".

Qeyd edək ki, "Qarabağ" 2 həftəlik Türkiyə təlim-məşq toplanışında yalnız 1 yoxlama görüşündə qüvvəsini sınadı.