Albaniya yığmasının futbolçusu “Qarabağ”da!
28.06.2010 - 10:00
Albaniya yığmasının futbolçusu “Qarabağ”da!
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qarabağ" növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Elnur Allahverdiyevin "Xəzər-Lənkəran"a gedişindən sonra müdafiənin sol cinahındakı boşluğu aradan qaldırıb.

Baş məşqçi Qurban Qurbanov buna əcnəbi oyunçunun transferi ilə nail olub. Belə ki, Albaniya yığmasının üzvü Ansi Aqolli ilə danışıqlar qısa müddət ərzində müsbət yekunlaşıb. 28 yaşlı futbolçu komandanın dünənki məşqinə qatıldıqdan sonra bir illik müqaviləyə imza atıb. 179 sm boya və 70 kq çəkiyə malik Ansi son illər mütəmadi olaraq, müdafiənin sol cinahında çıxış edir. O, həm sol, həm də sağ ayağından istifadə etməyi bacarır.

Aqollinin son klubu Ukraynanın yüksək liqasında çıxış edən "Krivbass" olub. Ansi 1 mövsüm ərzində bu komandanın heyətində 8 oyunda meydançaya çıxıb. Aqolli peşəkar karyerasına isə 1999-cu ildə ölkəsinin ən adlı-sanlı klubu "Tirana"da başlayıb və 5 il bu komandanın uğurları üçün çalışıb.

Albaniya yığmasında "Tirana" klubundan ayrıldığı il debüt edib. O, milli komandanın formasında meydançaya çıxdığı 14 oyunda rəqib qapılarına 2 dəfə yol tapıb.

Buna qədər "Qarabağ"da Albaniya millisinin yalnız bir üzvü Admir Teli çıxış edirdi.