“Neftçi” Bakıya məğlubiyyətlə qayıdır
28.07.2010 - 22:30
“Neftçi” Bakıya məğlubiyyətlə qayıdır
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Arif Əsədovun yetirmələri "Qaziantep Böyükşehir Bələdiyyəspor" klubu ilə qarşılaşıblar.

Bakılılar bu görüşdə hesabı açsa da, üstünlüyünü qoruya bilməyİB – 1:2. Ardıcıl 4-cü oyununda rəqib qapısına yol tapan Nasimov artıq 32-ci dəqiqədə fərqlənib. Özbək hücumçu Seyidovun sağ cinahda yan xəttin üzərindən penalti nöqtəsinə doğru ötürməsini güclü zərbə ilə tamamlayıb. Fasilədən sonra iki dəfə - 51 və 67-ci dəqiqələrdə iki qol buraxan Əsədovun yetirmələri məğlubiyyətlə barışmalı olublar.

"Neftçi" Türkiyədəki son matçında meydana Elçin Sadıqov, Ruslan Abışov, İqor Mitreski, Ruslan Əmircanov, Alessandro da Silva, Elmar Baxşiyev, Slavko Georgievski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo və Bahodir Nasimovdan ibarət “11-lik”lə çıxıb.

Oyunun gedişi ərzində Əsədov Rauf Mehdiyev, Denis Silva, Cavid İmamverdiyev, Cavid Hüseynov, Tərlan Quliyev, Aleksandr Burduli, Araz Abdullayev və Ruslan Qurbanova da şans verib.

Xatırladaq ki, "ağ-qaralar" bundan əvvəl yoldaşlıq görüşlərində "Orduspor"a 4:0, "Kardemir Karabükspor"a isə 1:0 hesabı ilə gəliblər.