Son ümidimiz - “Qarabağ”!
28.07.2010 - 23:03
Son ümidimiz - “Qarabağ”!
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizi avrokuboklarda yeganə təmsilçisi “Qarabağ” Polşada çətin sınağa çıxacaq.

Qurban Qurbanovun yetirmələri ölkəsinin ən güclülərindən sayılan “Visla” klubu qarşısında imtahan verəcək. Son ölkə çempionatının gümüş medalçısı olan Krakov təmsilçisi bu cütdə aşkar favorit sayılır. Hər halda, ölkəsinin 12 qat çempionu olan “Visla”nın avrokuboklarda təcrübəsi böyükdür.

1967-ci ildən qitə miqyaslı turnirdə çıxış edən krakovluların böyük uğurları olmasa da, “Real”, “Barselona” kimi nəhəng klublarla qüvvəsini sınamağa imkan tapıb. Bu mənada Ağdam təmsilçisi cari mövsümdə ən ağır oyuna çıxacaq. Əvvəlki mərhələlərdə mübarizədən kənarlaşdırılan Makedoniyanın “Metallurq” və Şimali İrlandiyanın “Portadaun” klubu ilə görüşlərdə uduzmayan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırmağa çalışacaq. Düzdür, komandamızın rəqib meydanında qələbəsini daha çox arzulasaq da, reallıq buna nail olmağın çox çətin olmasından xəbər verir. Yəni ağdamlılar “Visla” ilə səfərdə heç-heçə etsə, bu, uğurlu nəticə sayılmalıdır. Artıq bundan sonra növbəti mərhələyə çıxmaq işi bir qədər asanlaşacaq ki, onu reallaşdırmaq üçün Bakıda istənilən hesabla qələbə qazanmaq yetərlidir.

Ancaq Polşada minimal fərqli məğlubiyyəti də sərfəli nəticə saymaq olar. Xüsusilə, avrokuboklarda səfərdə vurulan qolun böyük əhəmiyyət daşıdığını nəzərə alsaq, buna nail olmaq lazımdır. “Qarabağ”ın heyətində isə nəinki özünün, ümumiyyətlə, cari mövsümdə avrokuboklarda bombardirimiz Əfran İsmayılovun olması, ona əsas qol ümidi kimi baxmağa əsas verir.

Sevindirici haldır ki, “Qarabağ” bu oyuna itkisiz çıxacaq. Düzdür, Ayxan Abbasov cəza, Rəşad Kərimov zədə üzündən heç Polşaya aparılmayıb. Ancaq onların əsas heyət oyunçusu olmadığını nəzərə almaq lazımdır. Əsas futbolçuları sərəncamında olan Qurbanov səfərdə oynamalarına baxmayaraq, müdafiədə oturmayacaqlarını bəyan edib. Polşada həmişə güclü azarkeş dəstəyinin olması qonaqlara əlavə problem yaradır. Üstəlik, komanda böyük qüvvə ilə arxaya çəkilib, meydan sahiblərinin daha çox hücum etməsinə imkan yaradacaqsa, bu, işini daha da çətinləşdirəcək.

Qeyd edək ki, Bakı vaxtilə saat 23:00-da başlayacaq “Visla” – “Qarabağ” oyununu Tom Harald Hagenin başçılıq etdiyi norveçli hakimlər briqadası idarə edəcək.

Mehman SÜLEYMANOV