Daniel Axtyamov türk klubunda
29.07.2010 - 08:58
Daniel Axtyamov türk klubunda
Türkiyənin “Qaziantep Böyükşəhir Bələdiyyəspor” klubunun transfer etmək istədiyi azərbaycanlı futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bank Asiya I liqa təmsilçisi yığmamızın sabiq futbolçusu Daniel Axtyamovu sınayır.

25 yaşlı hücumçu Türkiyə klubunun heyətində Bolu toplanışında “Neftçi”yə qalib gəldikləri (2:1) yoxlama oyununda iştirak edib. Məlum olduğu kimi, hücumçu axtaran Qaziantep təmsilçisinin prezidenti Ünsal Göksən adını açıqlamaq istəmədiyi azərbaycanlı bir əcnəbi futbolçunun sınadıqlarını, anlaşacaqları halda, transfer edəcəklərini bildirmişdi. Axtyamov əslən rus olsa da, xeyli vaxtdır milliləşərək Azərbaycan vətəndaşlığını daşıyır. Ona görə də yığmamıza cəlb olunan bu futbolçu Türkiyədə legioner sayılmayacaq. Legionerlərə qadağa qoyulduğu Bank Asiya I liqasında isə iki azərbaycanlı futbolçunun oynamasına icazə verilir.

Qeyd edək ki, bu, Axtyamovun Türkiyədə özünə kluba tapmaqla bağlı ikinci cəhdidir. Ötən yay artıq Superliqanı tərk edən “Konyaspor” klubunda baxışda olan hücumçu geri qaytarılmışdı.