“Kənardan kimsə qışqıranda, yerli-yersiz müdaxilə edəndə, oyunum heç cür alınmır”
29.07.2010 - 09:50
“Kənardan kimsə qışqıranda, yerli-yersiz müdaxilə edəndə, oyunum heç cür alınmır”
“Biz qapazaltı komanda olmayacağıq. Əksinə, hərdən iddialılara badalaq vurmaqla, onları özü ilə hesablaşmağa məcbur edəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında hazırda “Simurq”la məşq edən və bu komandaya keçidi gündəmdə olan Ceyhun Sultanov deyib.

Dünən növbəti yoxlama oyununu keçirən Zaqatala təmsilçisi “Bakı”nın əvəzedici komandası ilə qarşılaşıb. Cəmi 2 gün komanda ilə bir yerdə məşq edən Sultanov da “sarı-qaralar”ın heyətində meydana çıxmağa imkan tapıb. Oyunla bağlı təəssüratlarını bildirən yarımmüdafiəçi tam hazır olmadığını etiraf edib: “Qol vurmaq üçün 4 əlverişli imkan yaxalasam da, onlardan birini məntiqi sonluğa çatdıra bildim. Özümdə yorğun olduğumu bilirdim. Qolları da buna görə vura bilmədim. Bunu baş məşqçi Qyoko Hacıyevski kənardan görürdü. Sadəcə, mənim sərbəst olmağım üçün heç nə demirdi. Sərbəst olmağı xoşlayıram. Kənardan kimsə qışqıranda, yerli-yersiz müdaxilə edəndə, oyunum heç cür alınmır. İnşallah, mövsümün startına qədər tam hazır olacağam və meydanda fərqli Ceyhun görəcəksiniz”.