“Neftçi” bəyanat yaydı
29.07.2010 - 21:11
“Neftçi” bəyanat yaydı
"Futbol+" qəzetinin 29 iyul 2010-cu il sayında "Belə həkimlərimiz də var!" başlıqlı yazıda "Neftçi"nin 17 yaşlı yeniyetmə futbolçusu Eldar Abdullayevin həkim Rauf Musaxanlı tərəfindən müalicə edilməsi haqqında məlumat dərc edilib. Apasport.az saytının xəbərinə görə, yazıda Abdullayevin "Neftçi"nin yeniyetmələrdən ibarət komandasında oynayarkən zədə aldığı və ona heç bir qayğı göstərilməyərək, yalnız tibbi mazla sağaltmağa cəhd edildiyi iddia olunur.

Bununla razılaşmayan “Neftçi” futbol klubu bəyanat yayıb. Bildirilir ki, “Neftçi” kiçikyaşlı və gənc futbolçulara daim diqqət göstərir və onların qayğısına qalır: “Əvvəlcə onu qeyd edək ki, "Neftçi"nin 17 yaşlılardan ibarət komandasının heyətində yer alan Eldar Abdullayev oyunda deyil, ümumiyyətlə, komandanın düşərgəsindən kənarda olduğu zaman zədə alıb. Perspektivli futbolçunun zədəsinin ciddiliyini nəzərə alan klub rəhbərliyi Eldarın yüksək səviyyədə müayinə olunmasını təmin edib. Həkimlər tərəfindən futbolçunun əməliyyata ehtiyacı olduğu bildirildikdə isə "Neftçi" PFK öz vəsaiti hesabına Eldar Abdullayevi əməliyyat etdirib və daha sonra onun bərpa kursunu keçməsini üzərinə götürüb. Futbolçunun müalicəsi ilə bağlı bütün rəsmi sənədlər (əməliyyat olunması və bərpa kursu keçməsi ilə bağlı) mövcuddur”.

Futbolçunun atası Şıxbaba Şıxbabayev də klubun rəsmi saytına açıqlamasında "Neftçi" rəhbərliyinin Eldar Abdullayevlə zədə aldığı gündən etibarən çox yaxından maraqlandığını, hətta futbolçunun müayinə və müalicəsi üçün komissiya yaratdığını bildirib: "Mən prezident Sadıq Sadıqov başda olmaqla, "Neftçi" rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm. Eldarın zədə aldığı gündən etibarən klub rəhbərliyi daim bizim yanımızda olub, oğlumun yüksək səviyyədə əməliyyat olunması üçün lazımi şərait yaradıb. "Neftçi" rəhbərliyi əməliyyatdan sonra oğlumun bərpa kursunu keçməsini təmin edib".

Bəyanatın sonunda qeyd olunur ki, Rauf Musaxanlı özünü reklam etmək məqsədilə mətbuata yalan məlumatlar verərək, "Neftçi" PFK-nın peşəkar həkimlər korpusunu yalandan günahlandıraraq, özünü "güclü mütəxəssis" kimi qələmə vermək fikrinə düşüb.