Juravski: “Qarabağ”a uduzduğumuza görə, məsuliyyəti öz üzərimə götürürəm
30.07.2010 - 09:04
Juravski: “Qarabağ”a uduzduğumuza görə, məsuliyyəti öz üzərimə götürürəm
“Qarabağ”a uduzduğumuza görə, məsuliyyəti öz üzərimə götürürəm. Əlbəttə, əsas günahkarlardan biri mənəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Visla”nın hücumçusu Matey Juravski deyib.

Avroliqanın III təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubunu qəbul edən Krakov təmsilçisi 0:1 hesabı ilə uduzdu. Hərçənd, Juravski 90-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirməklə, buna əngəl ola bilərdi. Ancaq qapıçımız Fərhad Vəliyev təcrübəli futbolçunun zərbəsini dəf edə bildi: “İstədiyimiz kimi oynaya bilmədik. Azərbaycanlılar bu gün sadəcə, bizdən daha yaxşı idi. Təəssüf ki, bu həqiqətdir. Günahkar olduğumuzu bilirik. Məsuliyyəti öz üzərimə götürürəm. Çünki burada özünə haqq qazandıra bilməzsən. Belə şey məndə nadir hallarda olub. Bütün komandanın oyununa gəlincə, onun necə təsir bağladığını gördünüz. Təəssüf ki, futbol meydançasında döyüşə bilmədik”.

90 dəqiqə ərzində rəqib qapımız qarşısında nadir hallarda qol vəziyyəti yarada bildi. Juravski də bizim daha çox qol vəziyyəti yaratdığımızı, hesabın böyük olmasının mümkünlüyünü etiraf edir: “Oyunun əvvəlində ən real imkanımız oldu. Ancaq Metyu Kovalski qapını dəqiq nişan ala bilmədi. Bizdən fərqli, Azərbaycan komandasının qol imkanı daha çox idi. Adətən belə olanda, hesab 1:0 yox, 3:0, 4:0 qurtara bilər. Açığı, özümüzü təmizə çıxarda bilmərik. Çünki bu, “Visla” kimi komandada olmamalıdır. İkinci hissədə meydana çıxan yeni futbolçularımız oyunu bir az dinamik etdi. Ancaq “Qarabağ”ın zəif olmadığı şübhəsizdir. Bu, yaxşı komandadır. Topla sərbəst hərəkət edir, texnikalı oynayırlar. Hesab 1:0 rəqibin xeyrinə olandan sonra işimiz daha çətin olacağı aydınlaşdı”.

Matey bu məğlubiyyətdən düzgün nəticə çıxartmalı olduqlarını deyir: “Biz uduzmuşuq və əsas nəticədir. Ancaq mübarizə hələ bitməyib. Ümid edirəm ki, heç bir futbolçumuz mübarizəni dayandırmaq haqda düşünmür. Biz özümüzü toparlayıb, cavab görüşünə yaxşı hazırlaşmalıyıq. Hərçənd, hamıya məlumdur ki, səfərdə çox çətin olacaq. Ancaq Azərbaycan komandasının öhdəsindən gəlməyimiz mümkündür. Əlbəttə, bu, daha yaxşı oyunumuz sayəsində ola bilər”.