“Visla”nın kapitanı Bakıda qələbə qazanmağın yolunu göstərdi
30.07.2010 - 10:01
“Visla”nın kapitanı Bakıda qələbə qazanmağın yolunu göstərdi
“Etiraf edirəm ki, bu gün bütün komanda pis oynadı. Mən bunu izah edə bilmərəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində rəqibi olan Polşanın “Visla” klubunun kapitanı Radoslav Sobolevski deyib. O bildirib ki, Azərbaycan komandasını səfərdə qələbəsi (1:0) elə də təəccüblü olmamalıdır: “Qarabağ”ı öyrənmiş, necə oynamaq lazım olduğunu bilirdik. Bizdə “Lex” nümunəsi var idi. Bakının “İnter” klubunun Polşada 1:0 hesablı qələbəsi bizə dərs idi. Ancaq təəssüf ki, rəqibə qol vurmaq imkan yaratdıq və onlar qələbə qazandı”.

Sobolevski heç kimi tənqid etmək istəməyib: “Hamımız pis oynadıq və bunu etiraf etmək lazımdır. İzahım yoxdur. Oyun quruluşunda böyük problemimiz var idi. Aydın idi ki, bizim üçün çətin vəziyyət yaranmışdı”.

Radoslav Polşa yığmasında da bir yerdə oynadığı, “Qarabağ”ın qapısına penalti zərbəsindən qol vura bilməyən hücumçu Matey Juravskiyə görə təəssüflənir: “Penalti lotereyadır və bundan hərdən yaxşı istifadə edə bilmirsən. Əfsuslar olsun ki, bu, Mateyin qismətinə düşdü. Bu səbəbdən bəxti gətirmədi. O, qol vurmaq istəsə də, buna nail ola bilmədi”.

“Visla”nın kapitanı avqustun 5-də Bakıda keçiriləcək cavab oyununa yaxşı hazırlaşmağın yolunu göstərib: “Bunun üçün evdəki məğlubiyyəti yaxşı təhlil etməliyik. Bu, səfərdəki cavab görüşündə əvəz çıxmaqda həlledici amil olacaq və ona lazım olan kimi başlamalıyıq. Xüsusilə evdəki məğlubiyyətdən nəticə çıxartmalı, belə şey yenidən bizim başımıza gəlməməlidir. Nə qədər yaxşı təhlil etsək, mərhələ keçmək şansımız bir o qədər artacaq. Fikrimcə, ikinci oyunda hər şey dəyişə bilər”.