244 gün sonrakı sevinc
30.07.2010 - 10:47
244 gün sonrakı sevinc
Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Polşada “Visla” ilə matçında vurduğu qolla “Qarabağ”a 1:0 hesablı qələbə qazandıran Vüqar Nadirov 244 günlük həsrətə son qoyub. Apasport.az saytının hesablamalarına görə, Nadirov sonuncu dəfə ötən mövsüm Unibank Premyer Liqasının XII turunda “Turan”la ev oyununda qol vurmuşdu.

Gənc hücumçu ötən ilin noyabrın 27-nə təsadüf edən Ağdamdakı həmin görüşdə gənc 62 və 66-cı dəqiqələrdə rəqib qapısına yol taparaq, dubl etmişdi. Həmin vaxtdan bu yana fərqlənə bilməyən Vüqar 69-cu dəqiqədə “Visla”nın qapısına yol tapmaqla uzun sürən susqunluğunu pozmuş oldu. Rauf Əliyevi əvəzləyən Nadirov meydana daxil olduqdan 15 saniyə sonra Milan Yovaniçin qapısına yol tapdı.

Qeyd edək ki, bu, Nadirov avrokuboklarda ikinci qolu oldu. O, ilk qolunu ötən mövsüm Avroliqanın son təsnifat mərhələsinin ilk görüşündə səfərdə Hollandiyanın “Tvente” klubu ilə oyunda (1:3) vurub. Vüqar avqustun 20-də Enshede şəhərində keçirilən həmin görüşdə 8-ci dəqiqədə fərqlənib. 23 yaşlı hücumçu onda da hesabı açsa da, komandası sonradan üç qol buraxdığından, bu, qələbəyə gətirib çıxarmamışdı.