Maradona ona xəyanət edənlərin adını açıqladı
30.07.2010 - 11:23
Maradona ona xəyanət edənlərin adını açıqladı
Argentina yığmasının sabiq baş məşqçisi Maradona federasiya rəsmilərini xəyanətkarlıqda günahlandırıb. Apasport.az saytının məlumatına görə, əfsanəvi futbolçu keçirdiyi mətbuat konfransında Argentina Futbol Federasiyasının prezidentini ittiham edib.

“Prezident Julio Qrondona mənə yenidən yığmada qalacağımı söz vermişdi. Bundan əlavə, “sənin işindən çox razıyıq” söyləmişdi. Lakin sonda verdiyi söz puç oldu və mən də ondan “razı” qaldım. Qrondonanın belə addımını isə heç gözləmirdim” – deyə 49 yaşlı Maradona bildirib.

O bildirib ki, baş məşqçilikdən ayrılmasında yığmanın direktoru Karlos Bilardonun da xüsusi əməyi olub. Direktor Maradonanı Cənubi Afrika Respublikasında Almaniyaya 0:4 hesabı ilə məğlubiyyətdən sonra komandadan qovdurmaq istəsə də, cəhdi alınmayıb.

Qeyd edək ki, Maradona Argentina yığmasını dünya çempionatının final mərhələsinə yüksəltsə də, burada uğurlu çıxış edə bilməyib.