“Bakı” da “İnter”in yolu ilə gedir”
30.07.2010 - 12:00
“Bakı” da “İnter”in yolu ilə gedir”
“İnter”dən ayrıldıqdan sonra “Bakı”ya keçmək ehtimalım var idi. Hətta bir müddət komandanın düşərgəsində də oldum. Amma sonradan fikrimdən daşındım”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun yeni transferlərindən olan Xəyal Mustafayev deyib.

Gəncə futbol məktəbinin yetirməsi olan və 4 il “İnter”in heyətində yer alan yarımmüdafiəçi mövsüm başa çatdıqdan sonra “bankirlər”in sırasını tərk etdi. Özünə yeni komanda axtaran Mustafayevin keçidində “Bakı”da maraqlı olub.

Ancaq Xəyal paytaxtın eyniadlı komandasına keçməməsini belə izah edib: “Bakı” da əsas üstünlüyü legionerlərə verirdi. 4 il “İnter”in düşərgəsində oldum. Xüsusilə, Kaxaber Sxadadzenin gəlişindən sonra bu komandanın heyətində meydana çıxan azərbaycanlı oyunçular barmaqla sayılacaq qədər idi. Ən yaxşı halda, Samir Abasovu oynadırdılar. Hərdən Asif Məmmədov və mən meydana daxil olurdum. “Bakı” da bu tendensiyanı davam etdirirdi. Düzdür, komanda Almaniyaya gedən ərəfədə məni söhbət etmək üçün klubun ofisinə dəvət etdilər. Ancaq getmədim”.