Afrikalılar “Bakı”ya məktub göndərdi
30.07.2010 - 12:44
Afrikalılar “Bakı”ya məktub göndərdi
“Bakı” klubunun futbolçuları müxtəlif yığmalara çağırılıb. Apasport.az saytının məlumatına görə, Moldova millisinin baş məşqçisi Qabi Balint müdafiəçilər – Aleksey Savinovla Vadim Boretsi avqustun 11-də Gürcüstanla yoldaşlıq görüşünə dəvət edib.

Rumıniyalı mütəxəssis hücumçu Vyaçeslav Sofronini bu dəfə heyətdən kənarda saxlayıb. Azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan Anatoli Doroş da gürcülərlə Kişinyovdakı görüşdə iştirak edəcək. Ancaq hücumçu bu dəfə hansısa klubumuzu yox, yeni keçdiyi Ukraynanın “Çernomorets” komandasını təmsil edir.

“Bakı”nın mövsümlərarası fasilədə transfer etdiyi müdafiəçi Dare Nibombe isə Toqo yığmasından dəvət alıb. Bu haqda Toqo Futbol Federasiyasından paytaxt klubuna rəsmi məktub daxil olub. Dare millisinin heyətində avqustun 11-də Səudiyyə Ərəbistanı yığması ilə Ciddədə keçiriləcək yoldaşlıq görüşünə çağırılıb.

Qeyd edək ki, “Bakı”nın qapıçısı Aqil Məmmədovla milliləşən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramim yığmamızın Bakıdakı təlim-məşq toplanışına dəvət edilib.