Rəşad Sadiqov: “Visla” rəqib meydanında daha yaxşı oynayır
30.07.2010 - 14:47
Rəşad Sadiqov: “Visla” rəqib meydanında daha yaxşı oynayır
“Ağır oyun oldu. Biz Polşaya 2 gün əvvəl getmişdik. Leysan yağırdı. Ancaq oyun günü hava normal olsa da, özləri qəsdən meydançanı suvarmışdılar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Avropa Liqasındakı yeganə təmsilçimiz olan “Qarabağ” dünən səfərdə “Visla”nı minimal hesabla məğlub edib və cavab oyunu üçün sərfəli nəticə qazandı. Ancaq matçdan əvvəl cütün favoriti meydan sahibləri hesab edilirdi. Üstəlik, həm yığma, həm də klub səviyyəsində polşalılardan heç vaxt üstün olmamışdıq. Oyunun əvvəli də rəqibin güclü olduğunu göstərdi: “İlk 20 dəqiqədə onlar üstün idilər. Bunun belə olacağını bilirdik. Sonradan rəqibdə yorğunluq hiss olunmağa başladı. Üstünlüyü ələ keçirdik və sonluq göz qabağındadır. Əslində, hesab fərqli ola bilərdi. Qol vurmaq üçün bir neçə imkanımız oldu. Onlar da birinci hissənin əvvəllərində qol vursaydılar, böyük hesablı qələbə qazana bilərdilər”.

Səfərdə qazanılan qələbəyə baxmayaraq, Sadiqov hələ növbəti mərhələ haqqında danışmağın erkən olduğunu vurğulayıb: “Rəqib səfərdə daha yaxşı oynayır. Məsələn, Polşa çempionatında 4 məğlubiyyətləri var, onlardan üçünü evdə alıblar. “Şaulyay”la oyunlarını izləmişik. Rəqib meydanında daha yaxşı təsir bağışlamışdılar. Həm də evdə oynayacağımızdan, bizim məsuliyyətimiz bir qədər də artacaq. Ona görə də, cavab oyununu gözləmək lazımdır”.