“Vurduğum qolu bacım oğluna həsr edirəm”
30.07.2010 - 15:32
“Vurduğum qolu bacım oğluna həsr edirəm”
Ağdamın “Qarabağ” klubunun və Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun apasport.az saytına müsahibəsi

- “Visla” ilə oyunda meydana çıxandan bir neçə saniyə sonra vurduğunuz qol komandaya qələbə qazandırdı...
- Oyuna xüsusi köklənmişdim. Meydana çıxıb, bütün gücümü qoymaq istəyirdim. Qol vurmaq istəyim həddəm çox idi. Allahın köməyi ilə buna nail oldum.

- Özünüzü matçın qəhrəmanı sayırsınız?
- Deyərdim ki, qələbədə tək mənim yox, bütün komandanın əməyi oldu. Qol vurdum deyə, futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz. Axı özümü necə qəhrəman hesab edə bilərəm? Hələ qarşıda “Visla” ilə cavab oyunu var. Avqustun 5-də Bakıda mərhələ keçək, bax onda hamımız qəhrəman olarıq.

- Yəni səfərdə qələbə qazanmağınıza baxmayaraq, növbəti mərhələyə çıxdığınızı düşünmürsünüz?
- Yox. Hələlik bu barədə danışmaq tezdir. Qarşıda “Visla” ilə çox çətin görüşümüz var. Rəqib evdə uduzduğundan, Bakıda daha güclü oynayıb, qələbə qazanmağa çalışacağıq. Buna görə də çox ciddi hazırlaşmalıyıq. Biz üçün əsas oyun avqustun 5-də olacaq.

- Reallığı nəzərə alsaq, Polşada daha çox heç-heçəyə ümid edirdik. Bu mənada qələbə nə dərəcədə gözlənilməz oldu?
- Açığı, “Visla”ya Polşada qalib gələcəyimizi gözləmirdik. Ancaq qismətimizdə varmış. Çox sevinirəm ki, güclü rəqib üzərində qələbə qazandıq.

- Baş məşqçi Qurban Qurbanov sizi oyuna buraxan zaman hansı göstərişləri verdi?
- Qol vurmağımda onun da göstərişlərinin rolu oldu. Mənə tapşırıq verdi ki, qabağa oyna, orta sahəyə kömək et. Təbii ki, hücumçu olduğumdan baş məşqçim məndən qol gözləyirdi. Mən də öz işimi gördüm.

- Ancaq daha çox qol vurmaq imkanınız oldu. Hətta dubl etmək üçün real imkanı qaçırdınız...
- Həmin epizodda ustalığımın yetərli olmamağı, müdafiəçinin müdaxiləsi buna imkan vermədi. Onun arxadan mənə çatdığını görüb, topu saxlamadan birbaşa qapıya göndərdim. Topu saxlayıb, zərbə vurmağa imkan olmadı. Zərbənin rəqibin ayağına dəyməsi də təsir etdi.

- Son vaxtlar daha çox ehtiyatda qalırsınız, amma Rauf Əliyev əsas heyətdə yer alır...
- Bizdə əsas komanda oyunudur. Hamı əsas heyətdə yer ala bilər. Mənim üçün elə də fərqi yoxdur ki, özüm, yoxsa Rauf... Əsas komandamızın uğurudur.

- Hər halda, yığma futbolçusu olduğunuzu nəzərə alsaq, əsas heyətə düşməlisiniz. Üstəlik, milli komandanın baş məşqçisi Berti Foqts “Visla” ilə oyunu izləyirdi.
- Bunu bilirdik. Foqtsun stadionunda olması bizə əlavə stimul verdi.

- Sizcə, bu qoldan sonra baş məşqçi Qurban Qurbanov sizi əsas heyətə qaytaracaqmı?
- Bunu deyə bilmərəm. Kimin heyətdə yer almasına baş məşqçi qərar verir. Şans versələr, özümü göstərməyə hazıram.

- Maraqlıdır, vurduğunuz qolu kimə həsr edirsiniz?
- Bacım oğluna. O, yeni doğulub, ayağı düşərli oldu. İkinci dəfə dayı oldum və bu xoş hadisə əhval-ruhiyyəmi artırmışdı. Söz vermişdim ki, onun şərəfinə qol vuracağam.

- Avrokuboklarda hər iki qolunuzu səfərdə güclü komandalara vurmusunuz. Ötən yay elə Avroliqada “Qarabağ”ın heyətində “Tvente”nin qapısına yol tapmışdınız. Bu qollardan hansı sizin üçün daha yaddaqalan oldu?
- Məncə, “Visla”ya vurduğum qol. Düzdür, “Tvente”yə vurduğum qol gözəl alınmışdı. Ancaq bildiyiniz kimi, həmin top qələbəyə kömək etmədi. Rəqib üç qol vuraraq, bizi 3:1 hesabı ilə məğlub etdi. Ancaq bu dəfə istəyimizə çatdıq. “Visla”ya vurduğum qol vacib, ürəyimcə oldu.

- 2005-ci ildə 18 yaşınız olanda yığmamızın heyətində Polşa ilə səfərdə 0:8 hesabı ilə uduzmuşdunuz. İndiki baş məşqçiniz Qurban Qurbanovla birgə həmin görüşdə əsas heyətdə yer alıb, hücumda çıxış edirsiniz. Yəqin ki, bunun əvəzini çıxmaq üçün alışıb-yanırdınız və qələbənizlə Polşa sindromunu qırdınız...
- Həmin oyun indiyədək yadımdadır. Polşalılar bizi ağır məğlubiyyətə uğratdılar. Bu görüşdə iştirak edən “Qarabağ”ın bütün futbolçuları həmin oyunu düşünürdü. Artıq sübut etdik ki, polşalılara qalib gələ bilərik.

- Növbəti mərhələyə çıxsanız, hansı komanda ilə düşmək istərdiniz? Ümumiyyətlə, Avroliqanın qrup mərhələsinə düşmək şanslarınızı necə dəyərləndirərdiniz?
- Bura kimi gəlib çıxmağımız uğurdur. Nə qədər bacarırıqsa, irəli getməyə çalışacağıq. Təbii ki, Avroliqanın qrup mərhələsində iştirak etməyi çox istəyirik. Deyilənə görə, növbəti mərhələdə “Yuventus”, “Liverpul” kimi güclü komandalarla oynaya bilərik. Qismətimizdə nə varsa, o da olacaq. Biz hələ yolun yarısındayıq. Qrup mərhələsinə düşmək şansımızı saxlamaq üçün avqustun 5-də də uğur qazanmalıyıq. “Visla” ilə cavab görüşündən sonra artıq rahat danışa bilərik.

Mehman SÜLEYMANOV