“Bakı”nın nəyə qadir olduğunu bilirik”
30.07.2010 - 17:10
“Bakı”nın nəyə qadir olduğunu bilirik”
“Türkiyədə keçirdiyimiz toplanışın bizə faydası oldu. 4 yoxlama oyununda gücümüzü sınadıq. Onlardan üçü – “Mersin İdman Yurdu”, “Giresinspor” və “Kayseri Erciyesspor” güclü rəqiblər idi”. Bu sözləri apasport.az saytına AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.

İyulun 15-dən Türkiyədə təlim-məşq toplanışı keçirən paytaxt təmsilçisi dünən gecə saatlarında Bakıya qayıdıb. Bir günlük istirahətin ardından Nazim Süleymanovun yetirmələri sabah bir araya gələcək. Çempionatın startına 10 gündən az vaxt qaldığı bir məqamda kapitan komandasını mövsümə 100 faiz hazır saymır: “100 faiz hazıram” deyə bilmərik. Haradasa 80 faiz komanda yeni mövsümə hazırdır. Heyəti gücləndirmək məqsədilə bir neçə futbolçu transfer edilib. Fikrimcə, ən yaxşı transferimiz mərakeşli hücumçu Zohair Benouahidir. Digərləri də çempionatın gedişində bizə kömək edəcəklər”.

Premyer Liqanın ilk turunda “Bakı”nın qonağı olacaq AZAL sabah oyunun hazırlığına başlayacaq. Kapitan rəqibin gücünə bələd olduqlarını, amma meydana məğlub olmaq üçün çıxmayacaqlarını bildirib: “Bakı”nın nəyə qadir olduğunu bilirik. Mövsümlərarası fasilədə artıq bir dəfə qarşılaşmışıq. İnşallah, nəticə biz istəyən kimi olar. Komandanın qarşısına konkret vəzifə qoyulub. AZAL mövsümü mükafatçılar sırasında başa vurmalıdır”.

Nəbiyev qarşıya qoyulan məqsədə nail olmaq üçün bir güclü hücumçunun transferinə ehtiyac olduğunu vurğulayıb: “Heyətimiz yaxşıdır. Bir hücumçu da transfer edilsə, yaxşı olar. Hələ ki, “transfer pəncərəsi”nin bağlanmasına bir aydan artıq vaxt var. Yəqin ona qədər bu məsələ həllini tapar”.