Emin İmaməliyev: Rəqib futbolçu yerə elə qəşəng yıxıldı ki...
30.07.2010 - 18:01
Emin İmaməliyev: Rəqib futbolçu yerə elə qəşəng yıxıldı ki...
“Visla”nın oyunlarını izlədiyimizdən, görüşə ciddi hazırlaşmışdıq. Bilirdik ki, səfərdə bizə çox çətin olacaq. Oyun həqiqətən də ağır və eyni zamanda maraqlı keçdi. Ancaq rəqibdən çəkinməyib, öz oyunumuzu, əzmkarlığımızı göstərdik və istədiyimizə nail olduq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun futbolçusu Emin İmaməliyev deyib.

Avroliqanın III təsnifat mərhələsində Polşanın “Visla” klubu ilə səfərdə keçirilən görüşünün (1:0) ilk hissəsinin sonunda meydana çıxan təcrübəli futbolçu yarımmüdafiənin sol cinahında yer aldı. Fasilədən sonra çoxlu qol imkanları olan Emin bundan istifadə edə bilmədiyinə görə üzülür: “Həmin epizodlarda dəqiqlik çatmadı. Görünür, həmin gün qol vurmaq qismətimdə deyilmiş. Özüm də pis oldum ki, yaxşı qol imkanlarını dəyərləndirə bilmədim. Ancaq əsas komandamızın nəticəsidir. Fikrimcə, əzmkarlıq və istək olanda, nəticə də olur”.

İmaməliyev matçın sonunda antiqəhrəman ola bilərdi. Belə ki, norveçli baş hakim onun rəqibi yıxdığını əsas gətirərək, “Qarabağ”ın qapısına penalti zərbəsi təyin etdi. Həmin epizodda Rəşadın da qınaq obyektinə çevrilən Emin günahının olmadığını əminliklə bildirir: “Çünki həmin epizodda ümumiyyətlə, polşalı futbolçuya dəyməmişdim. Ona ümumiyyətlə toxunmamışdım. Bu, yüzdə yüz belədir. Baş hakim isə həmin epizodda aralı idi və ona elə gəldi ki, futbolçunu yıxmışam. Rəqib futbolçu yerə elə qəşəng yıxıldı ki... Sadıqov mənə emosional şəkildə narazılıq etmədi. Sadəcə, dedi ki, ayağını niyə uzatdın? Mən isə ona da başa saldım ki, rəqibə heç dəyməmişəm. “Visla”nın futbolçusu hiyləgərlik edib yıxılmaqla, səhv penaltini qazandı”.

Hər halda, “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev 90-cı dəqiqədə Matey Juravskinin penalti zərbəsini qaytarmaqla, komanda yoldaşını xilas etdi. Buna görə ona minnətdar olan Emin rəqibin qol vura bilməyəcəyinə ümidi qalırmış: “Penalti elə şeydir ki, 99 faiz qol olur. Ancaq qol olmayacağına 1 faiz də olsa, inamım var idi. Çünki haqsız yerə penalti təyin edilmişdi. Sağ olsun Fərhad, qələbənin əldə etməsinə imkan vermədi. Həmin epizodda qol olsaydı, nəinki mənə, bütün komandaya pis təsir edərdi. Biz hər qələbədən sonra bir-birimizi təbrik edirik. Çünki biz bir ailəyik. Güc, birlik olanda istəyinə çata bilirsən”.

Yığmamızın sabiq futbolçusu artıq növbəti mərhələ haqda danışmağı düzgün saymır və tələsməməyi məsləhət bilir: “Biz hələ nəsə etməmişik, yola yeni başlamışıq. Heç işin 20-30 faizini görməmişik. Onu demək istərdim ki, Bakıdakı cavab görüşü bizim üçün daha çətin olacaq. Çünki “Visla” evdə uduzduğundan, səfərdə əvəz çıxmağa çalışacaq. Buna görə də ehtiyatlı olub, öz oyunumuzu oynamalı, ilk görüşdəki səhvləri təkrarlamamalıyıq”.

Mehman SÜLEYMANOV