“Bakıda nə qədər tez qol vursaq, işimiz bir o qədər asanlaşacaq”
30.07.2010 - 23:03
“Bakıda nə qədər tez qol vursaq, işimiz bir o qədər asanlaşacaq”
“Əlbəttə, “Qarabağ”a evdə uduzduğumuza görə məyusuq. Biz pis oynadıq, belə olmamalı idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın Avroliqada rəqibi olan Polşanın “Visla” klubunun futbolçusu Mateuş Kovalski deyib. O bildirib ki, ötən mərhələdə yendikləri Litvanın “Şaulyay” klubu ilə görüşdən az qol imkanı əldə ediblər: “Əlbəttə, litvalılarla görüşdə olduğu kimi, qol imkanlarımız çox deyildi. Bununla belə, bir neçə şansımız oldu. İlk hissədə rahatca məqsədimizə çata bilərdik. Bunlar yaxşı imkanlar idi. 8-ci dəqiqədə əlimizə düşən şansdan istifadə etməli idik. Mən özümü müdafiə etmək fikrimdə deyiləm”.

Kovalski qol buraxdıqları epizodda diqqətsiz oynadıqlarını düşünür. Müdafiəçinin sözlərinə görə, yeni meydana çıxan Vüqar Nadirovun rahatca topu qəbul edib, onun qapıdan keçirməsinə imkan verməməli idilər: “İndi cavab görüşündə ilk dəqiqələrdən hücum edib, qapıya zərbələr vurmalıyıq. Həmin oyuna belə münasibət göstərməli, rəqibi görüşün əvvəlindən üstələməliyik. Bunu nə qədər tez etsək, bir o qədər işim asanlaşacaq. Ümid edirəm ki, Bakıda uğur qazanacağıq. Yadımdadır, “Visla” İsrailin “Beytar” klubuna ilk oyununa uduzduqdan sonra evdə 5:0 hesablı qələbə qazandı. Ancaq indi vəziyyət fərqlidir. Çünki cavab görüşünü səfərdə keçirəcəyik. Ancaq “Beytar”la olduğu kimi, cavab görüşünü belə oynasaq, yaxşı olar”.